“Bu hadisədən sonra HDP reytinqini bir qədər də artıracaq”
Tarix: 12-10-2015, 16:29 |
Çap et
Oktyabrın 10-da Ankarada dəmiryolu vağzalı yaxınlığında baş verən terror hadisəsi nəticəsində ölənlərin sayı artıq 97 nəfərə çatıb. Bəs bu partlayışın pərdəarxasında nələr və kimlər dayanıb? Bu hadisələri törədənlər arasında üçüncü ölkə barmağı varmı? Bu seçkilər seçkiöncəsi hakim Ədalət və İnkişaf Partiyasına (AKP) nə kimi təsir göstərəcək?
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu Hafta.az-a açıqlamasında bildirib ki, bu hadisədən sonra PKK-nın siyasi qanadı olan HDP reytinqini bir qədər də artıracaq:
“Özünü məzlum obrazında göstərməyə çalışacaq. Çünki ölənlərin bir çoxu həmkarlar, solçular və PKK-nın siyasi qanadına rəğbət bəsləyən insanlardır. Bu terror olayından sonra böyük ehtimalla, Xalqların Demokratiya Partiyası 10 faizlik həddi aşacaq. Bununla da onlar yenə də parlamentə düşə bilərlər. AKP-nin bu partlayışdan sonra parlamentdə təkbaşına hökumət formalaşdırması çox çətin olacaq. Bu hadisə hakim partiya olan AKP üçün seçkinin nəticələrinə bu cür təsir göstərəcək”.
Elxan Şahinoğlu bu partlayışın arxasında üçüncü ölkə barmağının olmasını da istisna etməyib:
“Təbii ki, Türkiyənin zəifləməsini istəyən təşkilatlar və ölkələr var. Türkiyəni Suriyanın gününə çevirmək istəyirlər. Türkiyə - Rusiya münasibətlərində də müəyyən soyuqluq yaranıb. Amma mən düşünürəm ki, bu soyuqluğa artıq son qoyulur. Çünki iki dəfə Rusiya qırıcıları Türkiyə sərhəddini pozandan sonra Kreml anladı ki, 3-cü dəfə bu hal təkrarlansa, bu təyyarə vurulacaq. Türkiyə-Rusiya münasibətlərinin pozulması isə Moskvanın öz maraqlarına mənfi təsir göstərəcək. Çünki iki dövlət arasında böyük əməkdaşlıq var”.