5 ildir küçələrdə yaşayan Nona Davudovanın HƏYAT DRAMI
Tarix: 12-10-2015, 12:53 |
Çap et
Nona Davudova artıq 5-ci ildir ki, Badamdar qəsəbəsində küçələrdə yaşayır. O, qəsəbənin uşaq poliklinikasının yanındakı kiçik parkın oturacaqlarında gecələyərək yaxınlıqdakı bina sakinlərinin verdiyi yeməklərlə qidalanır
. Qış aylarında Davudovanın vəziyyəti daha çətin olur, belə ki, evsiz qadın dəfələrlə donma təhlükəsi ilə üzləşib.
Hafta.az-a danışan Nona Davudovanın sözlərinə görə, 5 il öncəyə qədər onun da öz evi olub, lakin rast gəldiyi bir “makler” onun evini satdıraraq pulun mənimsəyib:
“ 5 il öncəyə qədər Mənim Badamdar qəsəbəsində yerləşən neftçilər yataqxanasında evim olub. Bizim binaya tez-tez gələn Nəriman adlı “makler” bir neçə dəfə mənə demişdi ki, “gəl evi sataq, sənə daha yaxşı ev alaq” mən isə razılaşmırdım. Mənim anam Rusiyanın Peterburq şəhərində yaşayırdı, bir gün Nəriman mənə gəlib dedi ki, “gəl evi sataq anan səni gözləyir get onun yanına”. Mən də evi 8 min manata satdım pulun 6 minini Nəriman özünə götürdü mənə dedi ki, “sən get Peterburqa, bu qədər pulla sərhədi keçə bilmzəsən, icazə yoxdur”. demişdi ki, pulu göndərəcək arxamca, amma anamın yanına getdikdən sonra Nəriman mənim pulumu yollamadı, anam da məni qəbul etmədikdən sonra geri Bakıya qayıtdım. 5 ildir ki, küçələrdəyəm, Nərimanı axtarsam da tapa bilməmişəm, eşitdiyimə görə, o, Azərbaycanda deyil, bir neçə nəfəri aldadıb hazırda Rusiyada yaşayır.”
Nona Davudovanın sözlərinə görə, onun Badamdar qəsəbəsində kirayədə qalan oğlu da var, amma övladı onu evinə qəbul etmir:
“Mənim bu qəsəbədə Saşa Sokolov adlı oğlum yaşayır. Fevralın 4-də onun 26 yaşı olacaq. Mənə qarşı nə qədər haqsızlıq etsə, nə qədər məndən uzaqlaşmağa çalışsa da mən onu çox sevirəm. Həyat yoldaşım öldükdən sonra Saşanı təkbaşına böyütmüşəm. Bu hala düşdükdən sonra oğlum məni tərk etdi. Bütün üzləşdiyim bədbəxtliklərin səbəbkarı makler Nərimandır. Küçələrdə yaşadığım müddətdə sənədlərimi də itirmişəm. Hazırda heç bir sənədim yoxdur, özüm də xəstəyəm.”
Parkın yaxınlığında olan uşaq poliklinikasının həkimləri Hafta.az-ın əməkdaşı ilə söhbət edərək bildirdilər ki, qonşular və həkimlər Nona Davudovanı hər gün isti yeməklə təmin edirlər.
Həkimlərin sözlərinə görə, poliklinikanın baş həkimi evsiz qadının qocalar evində yerləşdirilməsi üçün ahlılar evinə müraciət də ünvanlayıb. Davudovanın sənədləri olmadığına görə, hələ ki, onun qocalar evinə yerləşdirilməsində problem yaşanır. Nona Davudovanın sözlərinə görə, Səbail Bələdiyyəsi, və İcra Hakimiyyətinin nümayəndələri də onunla maraqlanıblar və bildiriblər ki, onu kimsəzizlər evində yerləşdirməyə kömək edəcəklər. Amma 5 ildir ki, bunu edə bilmirlər.