Xəzərdən buraxılan Rusiya raketləri aviaşirkətləri qorxudub
Tarix: 12-10-2015, 12:44 |
Çap et
Rusiyanın Suriyadakı əməliyyatlarda qanadlı raketlərdən istifadə etməsi aviaşirkətləri qorxudur.
Virtualaz.org saytı “Die Welt” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın Xəzər dənizindən qanadlı raketlər buraxması aviasiya təhlükəsizliyi üçün ciddi təhdid yaradıb.
Belə ki, bu raketlər İran və İraqın, habelə Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarələrini təhdid etdiyi üçün bir sıra beynəlxalq aviaşirkətlər artıq marşrutları dəyişməli olublar.
Beynəlxalq aviasiya təşkilatları və avişirkətlər artıq Rusiyanın Suriya münaqişəsində qanadlı raketlərdən istifadəsinə görə ciddi narahatlıq ifadə ediblər.
Fransanın “Air France” şirkəti İran və Xəzər dənizindən uçan təyyarələri üçün xüsusi ehtiyat tədbirləri görüb. Hazırda “Air France” şirkətinin təyyarələri münaqişə zonalarının-Yəmənin, Ukraynanın şərqinin, Suriyanın, İraq və Liviyanın üzərindən uçmur.
Almaniyanın “Lufthansa” şirkəti isə Xəzər dənizi üzərindən keçən marşrutları dəyişdirməyə hələlik ehtiyac görmür. Ancaq bu barədə Avropanın və Almaniyanın aviasiya orqanları ilə daimi məsləhətləşmələr aparır.