“Büdcədən maliyyələşən bəzi qurumlar özəl sektora verilməlidir” - ŞƏRH
Tarix: 8-10-2015, 16:08 | Çap et
“Büdcədən maliyyələşən bəzi qurumlar özəl sektora verilməlidir” - ŞƏRH
Neftin dünya bazar qiymətinin kəskin surətdə aşağı düşməsi gələnilki dövlət büdcəsinin işini də sözün hər iki mənasında kəsirdə qoyub. Belə ki, 2016-cı ilin büdcə müzakirələri zamanı öz-özünü maliyyələşdirməklə, eyni zamanda, dövlətdən subsidiya alan dövlət qurumlarına dotasiyaların ayrılması məsələsi hazırda ciddi müzakirə mövzusudur.

Məsələnin Milli Məclisdə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev “Azərsu”, “AZAL” kimi səhmdar cəmiyyətlərə dövlət büdcəsindən ayrılan yardımların azaldılması təklifini irəli sürüb. Üstəlik bu qurumların dövlət zəmanəti hesabına götürdüyü borcları ödəyə bilmədiyini əsas gətirən deputat həm bu qurumların təsərrüfat borclarını ödəməyin, həm də onlara əlavə yardımların ayrılmasının büdcəyə böyük zərbə vurduğunu dilə gətirib.

Yaranmış durumu Hafta.az-a şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu məsələyə bir neçə aspektdən yanaşmaq olar:

“Birinci nüans ondan ibarətdir ki, hazırkı durumda bunu etmək nə dərəcədə realdır?! İkinci aspekt isə odur ki, ümumiyyətlə, bu lazımdırmı? Birinci məsələyə qayıtdıqda görərik ki, indiki situasiyada supsidiyaların dayandırılması mümkün deyil. Çünki söhbət kommunal və nəqliyyat xidmətlərindən gedir. Buraya "Azərsu", "Azərenerji", sərnişin nəqliyyatı, metro xidmətləri və s. daxildir. Bu qurumların hamısı hazırda dövlət büdcəsindən dotasiya alır. Bu qurumların rəhbərlərinin də məsələyə hərəsinin bir yanaşma tərzi var. Deyirlər ki, bugünkü tariflər reallığa uyğun gəlmir. Bunlar dolayı yolla bildirirlər ki, göstərdikləri xidmətin maya dəyəri əslində indikindən çox bahadır. Buna görə də qiymətlərin artırılmasına əsas olduğunu deyirlər. Həmin nüansları nəzərə alan hökumət də onlara dövlət büdcəsindən supsidiyalar ayırır. Bu kompensasiyalar da həmin zərəri müəyyən qədər kompensasiya edir. Həmin qurum rəhbərlərinin bahalıqla bağlı açıqlamaları da ayrıca bir mövzudur. Maya dəyərinin baha olub-olmaması yoxlanılmalıdır. Bəlkə də orada lazımsız xərclər var. Düşünürəm ki, bütün bu nüanslar nəzərə alınanda həmin qurumlara dövlət dotasiyalarının dayandırılması indiki halda çox çətindir. Ən azından 2016-cı ildə bunu etmək mümkün deyil”.

Samir Əliyev həmçinin vurğulayıb ki, getdikcə bu məsələ qabardılmalıdır:

“Yəni dövlət büdcəsindən müvafiq özünü maliyyələşdirən qurumlara dotasiyalar azaldılmalıdır. Çünki əvvəllər neft gəlirləri hesabına bu pullar ayrılırdı. İndi isə büdcədə əvvəlki kimi vəsait yoxdur. Söhbət milyonlarla, hətta milyardlarla vəsaitdən gedir. Supsidiyalar ya birbaşa, ya da investisiya şəklində adıçəkilən qurumlara gedirdi. Pul azalınca isə bu sahədə yardımın da azaldılmasına zəmin yaranır. Dünya Bankı da bu məsələdə Azərbaycanla razılığa gələ bilmədi. O vaxt da məsələ qaldırılmışdı ki, kommunal və nəqliyyət sektoru özəl sektora verilsin. Nəqliyyat sahəsi bizdə ilk görünüşdə özəl sektor təsiri bağışlasa da, yenə dövlət büdcəsindən asılıdır. Kommunal sahə isə bizdə tam olaraq dövlət nəzarətindədir. Bir ara təşəbbüslə “Barmek” adlı bir şirkətə verildi. Xırda nüanslar nəzərə alınmazsa, pis də işləmirdi. Biz bu sektorların dövlət büdcəsindən maliyyələşməni minimuma endirmək istəyiriksə, bütün bu sektorlar özəl qurumlara verilməlidir. İndiki halda başqa çıxış yolu görünmür”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net