Çadırlara sığınan zığlılar: “Sürüşmə evimizi, külək də bunu dağıdır...”
Tarix: 8-10-2015, 16:06 |
Çap et
“Dünənki küləkdən sonra evdə oturmağa qorxuruq. Çadırlarda da arvad-uşağın qalmasına şərait yoxdur. Bəs qar-yağış yağandan sonra neyləyəcəyik? Evlərdəki çatlar dərinləşəcək. Bəs bizim uşaqların taleyi necə olacaq?”
Bunu virtualaz.org saytına evi sürüşmə zonasında olan Suraxanı rayonu, Zığ qəsəbəsinin sakini Elman Məmmədov deyib.
E.Məmmədov söyləyir ki, suda boğulan saman çöpündən yapışan kimi onlar da problemin ciddiliyini rəsmi şəxslərin diqqətinə çardırmaq üçün bütün yolları sınaqdan keçiriblər. Hər həftə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıb dərdlərini söyləyirlər. Amma heç kim problemlərinin həllinə kömək göstərmir...
Qeyd edək ki, uçmaq üzrə olan evlərin sahibləri dünəndən çadır quraraq ora toplaşıblar. Tamamilə yararsız vəziyyətdə olan bir neçə evin sakini gecəni çadırda keçirib. Bu gün isə hava küləklidir. Lakin sakinlər evlərinə girməkdən qorxurlar.
“Külək çadırı aşırır. Amma yenə də bura evdən daha az təhlükəsizdir. Gecə soyuqdan birtəhər olduq, bütün gecəni bürünüb durduq” - bunu isə çadırda gecələyən sakinlərdən biri deyir.
Kənardan qonşuları dinləyən iki nəfər də bizə yaxınlaşır: “Xahiş edirəm, yazın ki, biz siyasətə qarışmırıq. Bizim şikayətimiz sosial problemdir. Sonra bizə irad tuturlar, məlumat verməyimizə də peşman oluruq”.
Yanındakı sakin isə əlavə edir: “Keçən dəfə qonşumuz jurnalistlərə danışmışdı. Dedilər ki, evinizi siyahıya saldırmaq üçün jurnalistə dediklərini təkzib elə. Bilmirik hansının dediyini edək ki, bizim işimizi çətinə salmasınlar”.
Sakinlər deyirlər ki, dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovala görüşəndən sonra çadır qurmaq qərarına gəliblər: “Hacıbala Abutalıbov dedi ki, sizin probleminiz mənlik deyil, əgər mənlik olsaydı, ora gələrdim. Dedi siz Abid Şərifovun qəbuluna gedin.
Nazirlər Kabinetində isə bizi hər dəfə Şahin Salahov qəbul edir. Abid Şərifov bir dəfə də olsun bizi qəbul etməyib, problemimizlə maraqlanmayıb”.
Amma sakinlər onları qəbul etməyən məmurlarla görüşməyin yolunu tapıblar: “Hacıbala Abutalıbov bizi qəbul eləmədi. Biz də məcbur olub dünən səhər evinin yanında qarşısını kəsdik. Abid Şərifovla görüşmək üçün onun getdiyi yolda da dayanacağıq. Bəlkə bu neçə ildə bir dəfə də olsa bizi dinlədi”.
Hatəm Allahverdiyev küçəsində hər iki-üç evdən biri qəzalı vəziyyətdədir. Amma 55 ev uçmaq üzrədir. Sakinlərə köçmək üçün xəbərdarlıq edilib. Qüdrət adlı sakinin evi uçmaq üzrədir. Elə çadır da onun evinin yaxınlığında qurulub.
Məzahir Tanrıverdiyevlə Elnarə Məmmədovanın evi isə artıq uçub.
Təranə Musayeva adlı sakin isə iki ilə yaxındır kirayəyə köçürülüb. Lakin ona kirayə pulu ödənilmir.
T.Musayeva deyir ki, indiyədək ona bircə dəfə də kirayə pulu verilməyib: “Deyirlər ki, büdcədə pul yoxdur. Artıq kirayədə qala bilmirəm, imkanım yoxdur”.
Suraxanı Rayon İcra Hakimiyyəti yalnız sonuncu köçürülən bir neçə ailəyə kirayə pulu verir. Lakin sakinlər bir-iki aydan sonra yardımın dayandırılacağından narahatdır: “Kirayədə yaşayanların hamısına pul verilməlidir. İcra hakimiyyəti isə vəsaitinin olmadığını deyir. Bir-iki aydan sonra heç kimə pul verilməyəcək. Qış gəlmədən başımıza çarə qılmalıyıq”.
...Getdikcə güclənən külək isə çadırı uçurur. Qadınlardan biri “əri ölən arvadı it də tutdu bir yandan” məsəlini xatırladır. Yaxın bir neçə gündə leysan yağışlar, sulu qar proqnozlaşdırılır. Sakinlər “deyəsən, hava da məmurlar kimi qəddarlaşıb” deyirlər.
Çadırda oturanlara çay hazırlanır. Gözləyirlər, bəlkə kimsə onların dərdinə əlac tapacaq...