Maşın vurmuşdu, yeriyə bilmirdi - Bu gün isə...+Fotolar
Tarix: 8-10-2015, 15:14 |
Çap et
“Qafqazinfo” bir neçə gün öncə Bakıda bir ailənin problemlərindən yazmışdı.
Həmin ailə keçmiş beton zavodunun dağıntıları arasında yaşayır və bir neçə ay əvvəl onların 6 yaşlı qızı Nərgizi maşın vurub. Sürücü sonradan yoxa çıxıb və ailənin ağır durumu qızlarını müalicə etdirməyə imkan vermirdi. Nərgizin isə ən böyük arzusu normal yeriyə bilmək və məktəbə getmək idi.
Bu reportaj saytda yayımlandıqdan sonra millət vəkillərimizdən biri redaksiyaya zəng edib kömək etmək istədiyini dedi. Amma bir şərtlə: adı nə ailəyə deyiləcək, nə də mediada açıqlanacaq.
Deputatın köməkçisi Nərgiz və atası Sərvanla birlikdə Travmotologiya İnstitutuna getdik. Nərgiz rentgendən keçirildi və ayağındakı ağrılar üçün resept yazıldı. Onun dərmanları alındı və məktəbə gedə bilməsi üçün doğum haqda şəhadətnaməsi həll olunmalı idi. Qəbələ rayonunda anadan olan Nərgiz üçün ailə öz kəndlərinə göndərildi. Xəstəxananın arxivindən Nərgizin doğumu haqda sənəd təqdim edildikdən sonra doğum haqda şəhadətnamə həll edilir.
Reportaj yayımlandıqdan sonra daha iki nəfər gənc ailəyə baş çəkib və onlara ərzaq məhsulları alıblar. Bunu da bizə Sərvan dedi.
Bu gün, 8 oktyabr Nərgiz ilk dəfə məktəbə gedir. Millət vəkilinin müraciəti ilə Təhsil Nazirliyi Nərgizi məktəb paltarı və digər avadanlıqları ilə təmin edir. Ona məktəbdən dərs kitabları da ayrılıb. Nərgiz artıq Binəqədi rayonu 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdidir.
Günorta saat 01 radələrində ailə ilə birlikdə məktəbin həyətində Nərgizi gözləyirik. Valideynlər həyacanlı idi, ilk dəfə övladlarını məktəbin önündə qarşılayacaqdılar. Nərgiz dərsdən çıxıb bizə çatan kimi danışmağa başlayır, sevinir, gülümsəyir: “Mən hamıdan yaxşı bildim e. Biri, ikini, üçü saydım. Əvvəl ana dili keçdik, sonra riyaziyyat, sonra da müəllim bizə nağıl danışdı. Sabah yenə gələcəm”.
Bundan öncəki reportaj zamanı Sərvan demişdi ki, Nərgiz yeriyə bilmədiyi üçün bütün günü evdə oturur, televizor işləmədiyi üçün başını heç nə ilə qata bilmir. Millət vəkili bunu da nəzərə alıb onlar üçün televizor və “krosna” avadanlıqları alıb. Biz məktəbdə Nərgizi qarşılayanda ustalar evdə həmin avadanlıqları quraşdırırdı.
Bu arada, dərmanlarla müalicədən sonra artıq Nərgiz sərbəst yeriyir. O daha yaşıdları ilə də rahat oynaya biləcək. Nərgizi kiçik bacısı Zəhranın da doğum haqda şəhadətnaməsi yox idi. Artıq bu məsələ ilə bağlı prosedur gedir, yaxın günlərdə Zəhra da “metirka” alacaq. Bu gün o da bacısını qarşılamağa gəlmişdi.
Ailəni evlərinə yola salıb geri qayıtdıq, bu gün Nərgizin valideynlərinə danışacaq çoxlu sözü var...