Araz Elsəs yeni planlarından DANIŞDI
Tarix: 8-10-2015, 12:47 |
Çap et
“Çox yaxında yeni bir albomum çıxacaq”.
Bunu Hafta.az-a açıqlamasında dünya şöhrətli, tanınmış azərbaycanlı müğənni Araz Elsəs deyib. Araz Elsəs bildirib ki, çox yaxında onu sevənlər üçün yeni sənət sürprizləri olacaq:
“Hazırda bu albom üzərində son çalışma hazırlıqları gedir. Bir neçə yeni klip üzərində işləyirik. Qısacası yaxın zamanda yeni mahnılarımı sizlərə təqdim edəcəyəm”.
Qeyd edək ki, Araz Elsəs 1971-ci ildə Güney Azərbaycanın Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. Gənclik illərində siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır.
2000-ci ildə isə İsveçə köçüb. Daha çox milli vətənpərvərlik mahnıları ilə Azərbaycan xalqının rəğbətini qazanıb. Haqqında “Ozan” filmi də çəkilib.
Azərbaycanın Milli Azadlıq Hərəkatının, müstəqilliyinin qığılcımlarının işardığı bir zamanda meydanda xalqı coşduran mahnıları hələ də Azərbaycan xalqının xatirindədir. 50 milyonluq xalqı birliyə, bütövlüyə çağıran bu mahnılar ona milyonların məhəbbətini qazandırıb. Onun cəngi, döyüş ruhunda bəstələdiyi "Hoydu-hoy" albomu isə Qarabağda oğullarımızın şir kimi döyüşə atılmasında böyük kataliz rolunu oynayıb.
Hal-hazırda Avropada siyasi mühacir həyatı yaşasa da, tez-tez Bakıya gəlir, onu sevənlər üçün yeni mahnılarını ifa edir. Onun bir-birindən gözəl, ürəyəyatımlı, nisgilli ifaları isə həmişə böyük coşğu ilə qarşılanır.