
Rusiya 30 sentyabrdan etibarən Suriyada hərbi əməliyyatlara başladı. Bu müddət ərzində Rusiya Federasiyası müdafiə nazirinin yaydığı bəyanatına əsasən İŞİD mövqelərinə 20-yə yaxın hava zərbəsi endiriblər. Ancaq “Reuters”in verdiyi məlumata əsasən, Suriyada rəsmi müxalifət gücləri Rusiyanı terrorçularla onları və dinc əhalini qarışıq salmaqda günahlandırırlar.
Vaşinqton da bu haqda fikir söyləyərkən Rusiyanın Suriyada terrorçulara qarşı hədəflənməməsini dilə gətirir və buna sərt etiraz edirlər. Eyni düşüncələri Paris və İngiltərə rəsmiləri də bölüşürlər.
Məsələni Hafta.az-a şərh edən siyasi ekspert Nəriman Qaraxani bildirib ki, bununla belə ABŞ prezidenti Barak Obama, İngiltərə baş naziri Devid Kameron Rusiyanının Suriyada başlatdığı hərbi əməliyyatlar zamanı Bəşər Əsədə qarşı çıxış edən müxalif gücləri İslam Dövlətindən ayırd edə bilməməsini Rusiyanın özünün burada dərin bataqlığa düşəcəyi kimi də dəyərləndirirlər:
“Mövcud vəziyyətdən yaxa qurtarmaq üçün müxalif qüvvələr Rusiyanın hava hücumundan müdafiə məqsədi ilə Amerikadan onları raketlərlə təhciz etməyi də istəyiblər. Bu haqda The Washington Post yazır. Kremlin Suriyada mövcud olan münaqışəyə fəal olaraq qatılması bu ölkədə sünni əhalinin Rusiyanı düşmən görməsinə səbəb oldu. Tezliklə eyni münasibəti digər ölkələrdəki sünni müsəlmanlar da bəsləyəcək və bütün bunlar Rusiya üçün acılı sonluqlara gətirəcək. Rusiyanın Suriyaya müdaxiləsi həm də ona görə təhlükəlidir ki, bu amil mövcud münaqişələrin və Qərblə Moskva arasındakı ixtilafların daha da dərinləşməsinə səbəb olacaq. Bu problemlər həm də bir sıra gələcək düyünlərin əsasını qoyacaq: Putinin Suriyaya müdaxiləsinin motivləri kimi Ukraynadan diqqətləri yayındırmaq, ABŞ-ın uğursuz olduğu yerlərdə Rusiyanın hegemon dövlət olaraq mövcudluğunu göstərmək, və rus xalqı qarşısında itirdiyi imicini geri qaytarmaq kimi dəyərləndirmək olar. Ancaq Putinin hər bir işi incəliyinə kimi düşünə bilməməsi deməyə əsas verir ki, çox qısa müddət sonra Moskvanın mövcud vəziyyətdən çıxış yolları axtaracağının şahidi olacağıq. Putinin atdığı hər bir addım həm Suriyada və eləcədə Rusiyada vəziyyəti dahada mürəkkəbləşdirir”.