
ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun köməkçisi olan Rocer Stoun Klinton cütlüyünün şəxsi həyatlarına aid qalmaqallı “The Clintons’ War On Women” kitabının təqdimatını keçirib. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, kitabda Hillari Klintonun ailədaxili zorakılıq tətbiq etməsindən və hətta həyat yoldaşı Bill Klintonu belə, döyməsindən yazılıb.
Rocer Stoun Hillari Klintonun dəyişkən əhval-ruhiyyəyə malik olduğunu və tez-tez qəzəbləndiyini iddia edir.
“Hillari Klinton əri ilə uzun müddət amansız davranıb. O, ərini döyür, üzərinə bərk əşyalar atır, dırnaqları ilə cırmaqlayırdı”, - Stoun “The Clintons’ War On Women” kitabında yazır.
Bundan başqa, 1993-cü ilin martında prezident səlahiyyətlərini icra edən zaman Bill Klintonun boynunda görünən cırmaq izlərinin səbəbi də kitabda yazılıb. Müəllifin fikrincə, xanım Klinton ölüm ayağında olan atası ilə vidalaşmaq üçün doğma şəhərinə gedir. Həmin gün isə Ağ Evdə müğənni Barbara Streyzend gecələyir. Faktlardan xəbər tutan Hillari Klinton dərhal geri dönür. Növbəti gün Ağ Ev Bill Klintonun boynundakı xəsarəti onun üz qırxan zaman yaralanması ilə izah edir.
Rocer Stoun Klinton ailəsindəki zorakılığın “on illərlə davam etdiyini” yazır.