İmişlidə seçki məzhəkəsinin yeni pərdəsi
Tarix: 5-10-2015, 10:27 | Çap et
İmişlidə seçki məzhəkəsinin yeni pərdəsi
79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş sabiq deputat İltizam Əkbərlinin namizədliyi hələ də qeydə alınmayıb. İ.Əkbərlinin bütün sənədləri və toplayıb DSK-ya təqdim etdiyi imzalar dürüst olsa da, yerli İH onun namizədliyinin qeydə alınmaması üçün DSK-ya təzyiq göstərir.
İ.Əkbərli bu barədə Musavat.com-a göndərdiyi məktuvda yazır: “Oktayabrın 5-də, yəni bu gün 79 saylı İmişli dairə seçki komissiyası mənim deputatlığa namizədliyimin qeydiyyatı ilə bağlı qərarını verməlidir. Ona görə də mən Seçki Məcəlləsinin 59.13 maddəsinə uyğun olaraq (...hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında....protokolun surəti namizədin qeydiyyata alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə...verilir) mən oktyabrın 4-də dairə seçki komissiyasında oldum və Məcəlləyə uyğun olaraq, imzalarımın yoxlanmasını və mənə işçi qrupunun tərtib etdiyi protokolun verilməsini tələb etdim. Əvvəl mənə bildirdilər ki, imzalar oktyabrın 5-də iclasa 1 saat qalmış yoxlanacaq və protokol veriləcək. Mən bunu qanun pozuntusu adlandırdım və imzalarımın yoxlanmasını tələb etdim. Uzun sürən mübahisələrdən sonra komissiyanın sədri mənimlə razılaşdı və axşam saat 17.00-a ekspertləri komissiyaya dəvət etdi. Saat 17.00-da ekspert komissiyasının üzvü Rafiq Miriyev qanuni imzaların saxtalaşdırılması prosesində iştirak etmək istəmədiyini bildirərək, dairə seçki komissiyasına gəlməkdən imtina etdi. Bunu əsas gətirən sədr imzaların yoxlanmasının oktyabrın 5-nə saxlanması haqqında elan verdi. Mənim bütün etirazlarıma baxmayaraq, o, qərarından dönmək istəmədi. MSK-nın qaynar xəttinə dəfələrlə etdiyim zəngdən sonra, nəhayət ki, məni İradə adlı xanımla birləşdirdilər. İradə xanım imzaların yoxlanmasının oktyabrın 5-nə saxlanmasını qanun pozuntusu adlandıraraq, yoxlamanın dərhal başlaması haqqında gostəriş verdi və bu göstərişdən sonra polis mayoru İdris Məmmədov imzaları yoxlamağa başladı. Lakin 3 vərəqədə, yəni 150 imza içərisində cəmi 4 oxşar imza tapdığını elan edəndən dərhal sonra həmin 4 nəfərin dairəyə gələrək öz imzalarını təsdiq etməsi onu hövsələdən çıxardı. Onu da qeyd edim ki, 5 il bundan əvvəl imzalarımı saxta hesab etməklə bu komissiya məni seçkidən kənarda saxlamışdı. Ona görə də mən bu dəfə imza vərəqələrindəki imzalardan başqa 550 nəfərin hər birindən əlavə olaraq, onların öz xətləri və imzaları ilə məni namizəd göstərmələri və mənim imza vərəqlərimdəki imzaların həqiqətən onlara məxsus olduğunu bir daha təsdiq etmələri barədə həm də bildiriş almışam. Qeyd etdiyim 4 nəfərin öz xətti ilə yazdığı bildirişin təqdim edilməsi ilə polis mayoru çıxılmaz vəziyyətə düşdü, qan təzyiqinin qalxdığını bəhanə edərək yoxlama otağından çıxdı və çağırılan təcili yardım maşınında dairəni tərk etdi. Dairənin sədri bunu əsas gətirərək yenidən imzaların yoxlanmasını oktyabrın 5-nə saxladığını elan etdi. Onun bu qərarına mənim etirazımı görən komissiya sədrı dairəyə polislər çağırdı. Qısa müddətdə çoxsaylı polislər dairəni, ətrafdakı çayxanaları və parkı tam nəzarətə götürdülər və məndən ərazini tərk etməyimi tələb etdilər. Bu qədər polisin dairəyə çağırılmasını başa düşmədiyimdən, bu görüntünü telefona çəkmək istəyim polislərin mənə hücumu ilə nəticələndı. Polis nəfəri İdris Məmmədov və digərləri telefonu əlimdən almaq üçün mənə fiziki təzyiqlər etdilər və məni qızmış polislərin zərbələrindən özünü hadisə yerinə çatdıran, rayon polis şöbəsinin rəis müavini Habil Ağayev xilas etdi və onun göstərişi ilə polislər dərhal ərazini tərk etdilər. Mən yenidən dairə seşki komissiyasının sədri Sabit Yaqubovla görüşərək Seçki Məcəlləsinin 59.13-cü maddəsinin icrasını tələb etdim. Məcəllənin qeyd edilən maddəsini pozmamaq barədə mənim israrlı tələbim axşam saat 19.30-a qədər davam etdi. Elə bu vaxt çoxsaylı polislərlə mənə yaxınlaşan polis mayoru Madər Quliyev rayon prokurorunun göstərişinə əsasən seçki dairəsini tərk etməyimi tələb etdi.

Baş verənlər, təbii ki, qanun pozuntusu olmaqla, Seçki Məcəlləsini 59.13-cü maddəsinə ziddir. Oktyabrın 5-də, yəni bu gün nənin deputatlığa namizədliyimin qeydiyyatı ilə bağlı qərar veriləcək. İmzalarım isə hələ də yoxlanılmayıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net