Meşə korrupsionerinin işi: Afiq Əliyevə və arvadına hökm oxundu, amma...
Tarix: 2-10-2015, 13:08 | Çap et
Meşə korrupsionerinin işi: Afiq Əliyevə və arvadına hökm oxundu, amma...
Rusiyanın Sverdlovsk rayon məhkəməsi azərbaycanlı sahibkar Afiq Əliyevə və onun arvadı Natalya Seletkovaya hökm oxuyub.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onlar xüsusilə iri məbləğdə dələduzluqda və mütəşəkkil qruplaşma halında cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılmasında təqsirli biliniblər.

Məhkəmə istintaqı zamanı sübut olunub ki, “Lesİnvest” ASC-nin faktiki sahibi olan Afiq Əliyev ƏDV maxinasiyası həyata keçirərək 83 milyon rubl məbləğində vəsaiti mənimsəyib.

Azərbaycanlı biznesmenə qarşı cinayət işi 2012-ci ildə qaldırılıb. İstintaqda müəyyən olunub ki, Azərbaycana meşə materiallarının ixracı ilə məşğul olan “Lesİnvest” ASC dəfələrlə ixrac əməliyyatlarından ƏDV tutulmasına dair bəyannamələr təqdim edib.

Sənədlərdə göstərilib ki, ƏDV icraca yönəldilən malların alınması üçün ödənilib. Sənədlərdə Azərbaycana ixrac edilən meşə materiallarının “Lesomir” ASC tərəfindən “Forest” ASC şirkətindən alındığı göstərilib.

İstintaq müəyyən edib ki, bu müəssisələrin hamısına əslində Əliyev və arvadı Seletkova nəzarət edirdi. Bu şirkətlər arasında mal dövriyyəsi isə əslində formal xarakter daşıyıb.

İstintaq zamanı Əliyev ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib. Ancaq məhkəmənin qərarı ilə azərbaycanlı biznesmenə 7 il həbs cəzası, 350 min rubl cərimə kəsişlib. Arvadına isə 5 il həbs, 250 min cərimə cəzası verilib.

Lakin məhkəmə Əliyevin barəsində hökmü onun iştirakı olmadan çıxarıb. Çünki sahibkar istintaq dövründə həbs edilsə də daha sonra yaşayış yerini tərk etməmək şərti ilə məhkəməyə qədər azadlığa buraxılmışdı. Afiq Əliyev isə məhkəməyə gəlməyib və hökm oxunandan sonra onun barəsində federal axtarış elan edilib.

Afiq Əliyev barəsində qaldırılmış cinayət işinin istintaqı zamanı hüquq-mühafizə orqanları Perm sakini olan Artur Abramyanın və Solikamsk şəhərinin baş arxitektoru Olqa Karapetyanın da qətlinin üstünü açıblar.

A.Əliyevin ətrafını araşdıran əməliyyatçılar müəyyən ediblər ki, onun mühafizəçiləri keçmiş xüsusi təyinatlı döyüşçü Azər Əkbərov və Eldəniz Məmmədovdur.

Fırıldaq işi üzrə axtarış zamanı əməliyyatçılar Əkbərovdan “TT” tapançası, 34 patron, səsboğucu, 16 kalibirli ov tüfəngi aşkar ediblər. Onun telefonunda isə Olqa Karapetyanın güllələndiyi tüfəngin şəkli tapılıb. Bu qətlə görə Əkbərov 23 il, E.Məmmədov 15 il həbs cəzası alıb. Qətlin sifarişçisini müəyyən etmək mümkün olmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net