Putini dırmaşdığı ağacdan necə düşürməli...
Tarix: 2-10-2015, 12:01 | Çap et
Putini dırmaşdığı ağacdan necə düşürməli...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya təyyarələri ABŞ koalisiyasının hədəflədiyi terrorçuları vurur.

Lavrov Rusiya aviasiyasının əsas məqsədinin prezident Bəşər Əsədi gücləndirmək olduğunu inkar edib.

Lakin ABŞ rəsmiləri Rusiya təyyarələrinin Qərb tərəfindən dəstəklənən Suriya müxalifətinin mövqelərinə zərbələr endirdiyini bildirirlər. Onlar hətta ABŞ-ın müxalifət üçün yaratdığı təlim düşərgəsinin vurulduğunu bildiriblər.

Ağ Evin sözçüsü Coş Ernest deyib ki, əgər Rusiya həqiqətən də "İslam Dövləti" (İŞİD) adlanan təşkilatla döyüşmək niyyətindədrisə, koalisiyaya töhfə verməlidir.

Rusiyanın Müdafiə Nazirliyi beş məntəqəyə və İŞİD qruplaşmasıənın Cisr əl-Şüğur komanda postuna raket zərbələrinin endirildiyini bildirib.

Moskva bəyan edir ki, bu münaqişədə Suriya hökumətinin ricası ilə iştirak edir və ölkənin böyük ərazilərini ələ keçirmiş İŞİD və “başqa terrorçu qruplaşmalara” zərbələr endirir.

ABŞ rəsmiləri bunun tam əksini iddia edirlər. Onlar deyirlər ki, Rusiya prezident Əsədə qarşı döyüşənləri təqib edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz növbəsində bu iddiaları rədd edib və Nyu-Yorkda etdiyi çıxışda Rusiya təyyarələrinin yalnız "əl-Qaidə"yə bağlı "ən-Nüsra Cəbhəsi"nin mövqelərini bombardman etdiyini söyləyib.

“Biz öz xalqına qarşı vuruşan heç kəsi dəstəkləmirik. Biz terrorla döyüşürük” - deyə Lavrov bildirib.

Müxalif Azad Suriya Ordusuna gəlincə isə Lavrov deyib ki, bu qruplaşma müxalifətdirsə, siyasi prosesdə iştirak etməlidir.

“Biz nəzakətli adamlarıq, dəvət olunmasaq, gəlmirik” - deyib Lavrov.

Rusiya xarici işlər naziri Moskvanın İraqdakı mövqelərə də zərbə endirəcəyi barədə iddiaları qətiyyətlə inkar edib.

Bir sıra təhliçilər bildirirlər ki, vəziyyət kifayət qədər birmənalıdır. Rusiya Əsədə qarşı olan bütün qüvvələri, ABŞ və Qərb tərəfindən dəstəklənənlər də daxil olmaqla hədəf elan edib.

Rusiya dövlət televiziyası bu qruplaşmaları artıq terrorçu elan edib.

ABŞ analitikləri deyirlər ki, belə bir vəziyyətdə Qərblə Rusiya arasında raket zərbələrinin heç bir əlaqələndirilməsindən söhbət gedə bilməz.

Daha cəsarətli təhlilçilər ümumiyyətlə, ABŞ və Qərbin bu münaqişəyə indi olduğundan daha artıq qarışmayacağını proqnozlaşdırırlar.

Rusiya üçün daha bir Əfqanıstan?

"Politico" jurnalı yazır ki, Rusiya az-çox döyüş qabiliyyəti olan Əsəd ordusu ilə müttəfiqdir və təəssüf ki, Qərbin Suriya müxalifətinə dəstəyi indiyədək səmərəsiz olub.

Tufts Universitetinin professoru Daniel Drezner deyir ki, hazırkı vəziyyətdə Rusiya Suriyada ən güclü xarici oyunçudur.

Lakin professor Drezner tələsməməyə çağırır. O deyir ki, Rusiyanın Suriyada sabitliyi bərpa edəcəyini indidən bilmək olmaz.

Təhlilçilər bildirirlər ki, Qərb Suriyadan çəkilərsə, Rusiya başqa regional oyunçular, o cümlədən Türkiyə, Səudiyyə və bütün sünnilərlə təkbətək qalacaq.

“The New York Times” qəzetinin köşə yazarı Tomas Fridman bildirir ki, “Putinin indi dırmaşdığı ağacdan düşə bilməsi” üçün yeganə çarəsi ABŞ və Qərblə birlikdə Suriyadakı münaqişəyə siyasi həll yolu tapmaq olacaq. Bu isə bütün hallarda Əsədin getməsi deməkdir.

Bir çox təhlilçilər bildirirlər ki, əks halda Putin Rusiya üçün ikinci Əfqanıstanı əldə etmiş olacaq ("Azadlıq" radiosu).





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net