Verilişlərin bağlanılması seçkilərlə əlaqədardır?
Tarix: 1-10-2015, 16:59 |
Çap et
Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərini bağlaması gündəmin müzakirə mövzusuna çevirilib.
MTRŞ-nın yaydığı məlumata görə, adı çəkilən proqramlarda sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraqdan bu cür qərar verilib.
Bundan sonra ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mir Şahin Ağayev qərarla əlaqədar olaraq Şuranı məhkəməyə verəcəkləri barədə mətbuata açıqlama verdi. O, müsahibəsində Nuşirəvan Məhərrəmlinin qeyd edilən verilişlərin aparıcısı Xoşqədəm Hidayətqızı ilə problemi olduğu barədə ilginc iddialar da irəli sürüb:
“Bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli, N.Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla. Təəssüf...”
Baş verənlərlə bağlı X.Hidayətqızınin münasibətini öyrənməyə çalışsaq da aparıcı əməkdaşlarımızın uzun-uzadı zənglərinə cavab verməyib.
Qeyd edək ki, bir neçə gün ərzində ANS telekanalında “Sən tək deyilsən!”, “Xoşqədəmlə axtarıram səni” verilişlərindən başqa həftə içi yayımlanan “Şokolad” və şənbə günü efirə gedən “A-dan Z-yə” proqramları da dayandırılıb, "Günə baxan" verilişinin isə formatı dəyişdirilib. Həmçinin digər televiziyada ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Öz aramızda" verilişinin yayımı dayandırılıb. Bununla bağlı olaraq sosial şəbəklərdə aparılan müzakirələr, iddialara görə televiziyalarda aparılan bu dəyişiklik Azərbaycan hökümətinin yürütdüyü siyasətdir və qarşıdan gələn parlament seçkiləri ilə əlaqədardır.
Əməkdar jurnalist, tele-tənqidçi Qulu Məhərrəmli məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Tele-tənqidçi televiziyalarda gedən proseslərin qarşıdan gələn seçkilərlə heç bir bağlılığı olmadığını bildirib:
“Milli Televiziya və Radio Şurasının çıxartdığı qərarın qarşıdan gələn parlament seçkiləri ilə qətiyyən heç bir əlaqəsi yoxdur. Burda söhbət təkcə Xoşqədəm Hidayətqızının verilişindən getmir, bütövlükdə son illər televiziyalarda bayağı verilişilərin sayı durmadan artmaqdadır. Əksər televiziya kanalları ictimai əxlaqı zədələyən, şəxsi məsələləri şoulaşdıran, qarşıdrumaları daha da şişirdən intiraqa alətinə çevrilib. Bu da təbii ki, çoxlu saylı tamaşaçıların, auditoriyanın ciddi narazılığna səbəb olur. Doğrudur, dunyanın hər yerində bu tip verilişlər var, lakin təəssüf ki, bizdə bu hal həddindən artıq çoxdur. Bu baxımdan MTRŞ-nın bu verilişlərə müdaxilə etməsi özünü doğruldur və başa düşüləndir”.
Qulu Məhərrəmli eyni zamanda MTRŞ-nın xəbərdarlıq etmədən qərar çıxarmasını pisləyib:
“Hazırda televiziyalar üçün yeni mövsüm başlayır, redaksiyalar yeni yayım üçün proqramlar müəyyənləşdirməkdədir. Buna görə də MTRŞ-nın xəbərdarlıq etmədən verilişləri bağlamasını kifayət qədər sərt qərar hesab edirəm. Milli Televiziya və Radio Şurası televiziyalara tövsiyyə və təkliflərini verə bilər, çünki bu qurum televiziyaların yayım siyasətini tənzimləyir. Lakin Şura heç bir halda televiziyaların redaksiya siyasətinə birbaşa müdaxilə edə bilməz və ixtiyarı da yoxdur”.
Tele-tənqidçi proseslərin bu yöndə inkişaf etməsini gələcək üçün təhlükə hesab edib:
“Çalışmaq lazımdır ki, MTRŞ və televiziyalar arasında səmimi, qarşılıqlı hörmət və ehtirama söykənən münasibətlər olsun, vaxtaşırı müəyən müzakirlər aparılsın, tövsiyyələr verilsin. Bununla da həm televiziya kanalları səmərəli işləyə, özlərini dolandıra, tamaşaçı auditoriyası toplaya, eyni zamanda verilişlərlə bağlı ciddi narazılıqr aradan qalxa bilər.
Amma televizyalara qarşı bu cür haqsızlıq davam etsə vəziyyət yaxşı olmayacaq...”
Qulu Məhərrəmli aparıcısı Xoşqədəm Hidayətqızı olan “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərini əvvəllər bəyəndiyini, hətta qonaq qismində iştirak etdiyini də deyib:
“Bir neçə il bundan əvvəl veriliş ATV-də yayımlanmağa başladı. O zaman veriliş baxımlı idi və maraq doğururdu. Hətta mən də bir-iki dəfə verilişdə qonaq qismində iştirak etdim. Lakin sonralar veriliş öz marağını itirmiş oldu”.
Qeyd edək ki, MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov mətbuata açıqlamasında bildirib ki, “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişləri bağlanan kimi qaynar xəttə ardı-arası kəsilməyən təşəkkür zəngləri gəlib.