Müstəqil ekspert Teleradio Şurasını Xoşqədəmin verilişinə görə İTTİHAM ETDİ
Tarix: 1-10-2015, 13:21 | Çap et
Müstəqil ekspert Teleradio Şurasını Xoşqədəmin verilişinə görə İTTİHAM ETDİ
Media eksperti Ələsgər Məmmədli Milli Televiziya və Radio Şurasının (MTRŞ) sentyabrın 30-da keçirilən iclasında ANS televiziyasının “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının yayımının dayandırılması qərarına münasibət bildirib. O, Modern.az saytına açıqlamasında deyib ki, bu qərar yaradıcılıq baxımından doğru deyil:

“Bu ilin fevral ayında “Televiziya və radio yayımı” haqqında qanunun 23-cü maddəsinə edilən dəyişiklik yayımçıların mütəqilliyinə və yaradıcılıq imkanlarına kifayət qədər müdaxilə edilməsinə imkan verir. Bu maddə ilə Teleradio Şurasına 9 halda lisenziyanı geri alma və eyni zamanda yayımı 1 ay müddətinə dayandırmaq hüququ verilir. Teleradio Şurası bu hüququ çoxdan axtarırdı ki, televiziyalardakı prosesə nəzarət etsin. İndiki halda qanunvericilik Avropa standartlarına uyğun deyil. Bu qanun Teleradio Şurasını ciddi nəzarət mexanizminə sürükləyir. Nəzərə alaq ki, bu qanunla bəzən yersiz müdaxilələr ediləcək və faktiki olaraq yayımçıların fəaliyyətinə kölgə salacaq”.

Ekspert MTRŞ-nı qanunun tələblərinə riayət etməməkdə günahlandırıb:

“Əslində şura qanunvericiliyə əməl etsəydi, bu gün televiziyalarda qanunun tələblərindən biri olan, heç görmədiyimiz plüralizmi görərdik. Televiziya məsələni balanslı şəkildə işıqlandırmırsa, bu, prinsiplərin pozulmasıdır. Amma bir dəfə olsun Teleradio Şurasının qərarında bunu görmədik. Şura son 5 ildə dövlətdən 223 milyon dollar vəsait alıb, amma bir dəfə ortaya fərqli düşüncə qoymayıb. Eyni zamanda ictimai yayımda da durum belədir. Efirdə sosial əhəmiyyətli tok-şoular yoxdur, cəmiyyətin hörmət etdiyi və hökumətin politikalarına qarşı gələn, onları açıq şəkildə tənqid edən ekspertləri görə bilmirik. Amma şura nədənsə bu məsələdən narahat olmur”.

Ə.Məmmədli hesab edir ki, şuranın son qərarı televiziyaların yox olmasına gətirib çıxaracaq:

“Teleradio Şurasının son qərarı Azərbaycanda onsuz da tamamilə nəzarətdə olan və ələbaxımlı vəziyyətə düşən televiziyaların prosesdən uzaqlaşdırılması və yox olması deməkdir.

Mən məsələni hüquqi aspektdən qiymətləndirdim. Tamaşaçı olaraq fərqli zövqüm ola bilər. Amma mənim zövqlərim qanunvericiliyin tələbləri baxımından kiminsə hüququnu əlindən almaq, ya da yeni hüquq vermək anlamına gəlmir. Televiziyanın yaradıcılıq hüququna heç kim müdaxilə edə bilməz. Yaradıcılıq konkret olaraq televiziyanın özünün kollektivinin, eyni zamanda onun aldığı reytinqlərə görə qurduğu siyasətin nəticəsi ola bilər. Tənzimləyici dövlət qurumu hansı verilişin yayımlanacağına və hansının efirdən qaldırılacağına qərar verə bilməz.
Qanuna belə bir müddəanın qoyulması kifayət qədər qanunvericilik yaratma işi baxımından prosesdən uzaq edilənlərin prosesə müdaxiləsi deməkdir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net