“Sədərək” Ticarət Mərkəzi çökmür - AÇIQLAMA
Tarix: 30-09-2015, 16:22 |
Çap et
“Sədərək” Ticarət Mərkəzi”ndə hər şey öz qaydasındadır”. Bunu Modern.az saytına “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim mərkəzin iflasa uğraması xəbərlərinə münasibət bildirərkən deyib. O, inanmayanları ticarət mərkəzinə dəvət edib:
“İnanmayanlar gəlib hər şeyi öz gözləri ilə görsünlər. Yazıblar ki, Rusiyada baş verənlər bizə də təsir edib. “Sədərək” Ticarət Mərkəzi Azərbaycanın bir hissəsidir. Təbii ki, ölkədə gedən iqtisadi proseslər hər bir sahəyə olduğu kimi, ticarətə də təsirsiz ötüşməyib. Dünyada gedən prosesləri, neftin qiymətini, devalvasiyanı “Sədərək” Ticarət Mərkəzi tənzimləmir. Baş verənləri “ticarət mərkəzi çökür” kimi təqdim etmək düzgün deyil”.
Kəmaləddin Qədim sahibkarların çətin durumda olması və icarə haqlarını ödəyə bilməməsinə də münasibət bildirib:
“Elə sahibkar var ki, bir neçə aydır icarə haqqını ödəyə bilmir.
Biz onları gözləyir və lazımi güzəştlər də edirik. Heç kimin də narazılığı yoxdur. İnanmayanlar gəlib elə sahibkarların özü ilə də danışa bilər. Bazarda heç kim sıxışdırılmır.
Alıcılıq qabiliyyəti də pis deyil. Əlbəttə, əvvəlki dövrlə müqayisədə alver nisbətən zəifləyib, amma bu normaldır. Çünki hər yerdə vəziyyət bu cürdür”.