"Sərdar Calaloğlu ilə birgə blok yaratmağı müzakirə edə bilərik” – Hafiz Hacıyev
Tarix: 30-09-2015, 12:14 |
Çap et
“Dünən bizim partiyanın siyası şurası yeni qərar qəbul etdi. Mən özüm səhhətimlə bağlı parlament seçkilərində namizəd kimi iştirak etməyəcəyəm”.
Bunu Hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. MMP sədri bildirib ki, buna baxmayaraq partiyanın üzvlərinə sərbəstlik verilib:
“Onlar sərbəst şəkildə parlament seçkilərinə namizədliklərini irəli sürə biləcəklər. Xaricdəyəm, amma mənə çatan məlumatlara görə, bölgə təşkilatımız da seçkilərə hazırlaşır. Özüm partiya sədri olaraq parlament seçkilərinə qatılmasam da, partiya demək olar ki, seçkilərə hazırlaşır”.
Hafiz Hacıyev həmçinin vurğulayıb ki, o, Qərbin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları ilə bağlı göstəriş də verib:
“Bununla bağlı onların cavablarını vermək üçün planlarımız var. İki–üç günə geri qayıdacağam. Ölkə rəhbərinin müdafiəsi ilə bağlı müəyyən ideoloji qrupların yaradılmasına köklənəcəyik. İşimizi prezidentin müdafiəsi ilə bağlı qurmağa çalışacağıq. Bizim üçün dövlətçilik hər şeydən üstündür. Biz dövlətimizə zərbə vuranların cavabsız qoyulmasına imkan verməyəcəyik. Prezidentin müdafiəsi üçün daxildən və xaricdən olan qüvvələrə qarşı mübarizə planı hazırlayırıq”.
Hafiz Hacıyev Müasir Müsavat Partiyasının bu seçkilərdə tək qalmış Azərbaycan Demokrat Partiyası (ADP) ilə birgə blok yaratmaq planlarından da danışıb:
“Sərdar Calaloğlu ilə blok yaratmaq məsələsinə gəlincə, onu deyə bilərəm ki, bizim Sərdar bəylə çox yaxşı münasibətlərimiz var. Blok yaratmaqla bağlı onunla mənim aramda söhbət olmayıb. Lazım olsa, bu barədə söhbəti müzakirəyə çıxaracağıq”.