Dilənçilərin saxlanaraq cərimələnib yenidən buraxılması çıxış yolu deyil
Tarix: 30-09-2015, 10:09 | Çap et
Dilənçilərin saxlanaraq cərimələnib yenidən buraxılması çıxış yolu deyil
Bakının mərkəzində qaraçılarla polis arasında qarşıdurma yaşanıb.

Vertikal.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, Cəfər Cabbarlı heykəlinin yaxınlığında balaca uşağı ilə birgə dilənən qaraçıları polis əməkdaşları saxlayıb.

Onlar əvvəlcə uşağı götürərək, Post Patrul Xidmətinə məxsus avtomobilə mindiriblər.

Bunu görən dilənçi qadın qışqırmağa başlayıb. Ətrafdakı insanlar səsi eşidib, hadisə yerinə toplaşıblar.

Polislər qaraçıları maşına güclə mindiriblər. Hadisə şahidi olan digər bir dilənçi qadının həyəcan keçirdiyi üçün halı pisləşib. Əraziyə təcili yardım çağırılıb və qadın xəstəxanaya aparılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən bildirdilər ki, dilənçilik fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı mütamədi olaraq tədbirlər görülür. Onların qanunsuz fəaliyyətləri müəyyən edilən kimi, barələrində inzibati xətalar məcələsinin 307-ci- yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa cəlb edilməsinə görə on manatdan on beş manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Bu da kifayət etmədikdə isə həmin şəxs paytaxtdan çıxarılaraq öz rayonuna göndərilir.

"İlin ilk 9 ayı ərzində saxlanılan dilənçilərin sayına gəlincə ilin 9 ayı ərzində 100-ə yaxın belə fakt qeydə alınıb",deyə idarədən bildirdilər.

Bundan qabaq da Şəki rayonu ərazisində dilənçilik fəaliyyəti ilə məşğul olan şəxsləri Şəki polisi saxlamışdı. Onların müqəddəs Ramazan ayında ziyarətgah və qəbiristanlıqların qarşısında dilənən qaraçıları olduğu müəyyən edilmişdi. Reydlər zamanı insanların dini həssaslığından istifadə edərək pul qazanan 80-a yaxın dilənçilərin hamısının Yevlax və Ağdaş rayonunun sakinləri olduğu üzə çıxmışdı.

Sosioloqlar bu fəaliyyət növü ilə məşğul olan şəxslərin tutularaq cərimələnib buraxılmasının problemin həlli üçün kifayət etmədiyini bildirirlər.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tutduqları dilənçilər haqqında ətraflı araşdırma aparmalıdırlar.

"Kimin sırf adət-ənənə olduğu üçün diləndiyini, kimin isə ehtiyyac səbəbindən bu yola əl atdığını araşdırmaq lazımdır. Əgər bir insan sadəcə ailə adətləri olduğu üçün dilənirsəm onun haqqında inzibati qaydada tədbir görülməlidir. Bəzi insanlar var ki, ehtiyacı olduğu üçün dilənir. Həmin insanlar müəyyən edilməli və onlara ünvanlı sosial yardım verilməlidir",-deyə sosioloq öz fikrini izah etdi.

Dilənçiliklə məşğul olan şəxslərin cəmiyyət haqqında mənfi fikir formalaşdırdığını deyən sosiloq əlavə etdi ki, onları bu işə təşviq edən bir az da cəmiyyətin özüdür.

"Dilənən şəxs yaxınlaşdığı zaman insanların ona pul verməsi dilənçinin cürətlənməsinə səbəb olur. Əgər insanlar başa düşsə ki, hər bu işlə məşğul olan şəxsə pul vermək doğru deyil onda bu problem öz həllini tapar. Bunun üçün də insanlar arasında maarifləndirici tədbirlər həyata keçirmək lazımdı",-deyə Əhməd Qəşəmoğlu bildirdi.

Doğrudan da dilənçilərin insanlara əl açma səbəblərinin araşdırılması tək çıxış yoludur. Çünki yalnız bu yolla kimin adət-ənənəyə, kimin isə ehtiyyac səbəbindən dilənməsi məlum olar. İnsanlar da verdikləri sədəqənin kimə və nə üçün verildiyini bilmiş olarlar. Bu mövzuda da bütün iş Daxili İşlər nazirliyi əməkdaşlarının üzərinə düşür. Mövzunu diqqətdə saxlayırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net