Doğanla Ərdoğanın ulduzu niyə barışmır?
Tarix: 29-09-2015, 17:42 | Çap et
Doğanla Ərdoğanın ulduzu niyə barışmır?
Bu günlərdə Türkiyənin "Doğan Media Holding" şirkətinin rəhbəri, tanınmış iş adamı Aydın Doğan prezident Rəcəb Tayyib Ərdoğana açıq məktub ünvanlayıb. Bu günə qədər heç vaxt etmədiyi, illərdən bəri davam edən bu böhranın gedişində ilk dəfə məktub janrında müraciət ortaya çıxıb və bu, Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.

Aydın Doğandan gözlənilməz addım – sənə məktub yazıram...

A.Doğan məktubunda bildirib ki, Ərdoğandan şikayətçidir. Buna səbəb isə sonuncunun onu PKK-ya gizli yardım göstərməsi ilə bağlı ittiham etməsidir. O, Qurban bayramı günlərində belə bir açıq məktub yazmaq məcburiyyətində qaldığı üçün təəssüf hissi keçirdiyini deyib. Media partonunun yazdığına görə, bəzi haqsızlıqlarla üzləşib. Onlardan biri kimi 22 sentyabrda Kanal 7 televiziya kanalındakı çıxışını misal gətirib.

A.Doğan qeyd edib ki, həmin çıxışda onların illər öncə "İstanbul Conrad" otelində keçirdikləri bir görüşü gündəmə gətirməsi bu məktubun yazılmasına səbəb olub: “Siz həmin görüşlə bağlı dediniz ki, guya mən orada 3 tanınmış dövlət və hökumət adamları barədə “elə zamanlar oldu ki, biz iqtidara yeni hökumət gətirdik, digər hökuməti isə tarixə göndərdik” kimi ifadə səsləndirmişəm. Guya mən bu ifadələri mərhum sabiq prezidentlər - Turqut Özal, Süleyman Dəmirəl və sabiq baş nazir Tansu Çilləri üçün söyləmişəm. Bütün bunlar ağ yalandır. Mən hər zaman Türkiyə dövlətinin güclənməsi və inkişafı üçün çalışmışam və bundan sonra da belə olacaq”.

A.Doğan eyni zamanda bildirib ki, o, Ərdoğana Türkiyəni inkişaf etdirməsi üçün əlindən gələn dəstəyi verib. Bundan başqa, PKK və digər terror təşkilatlarının onun üçün düşmən olduğunu da məktubuna əlavə edib.

Türkiyənin qütbləşmiş mediasında isə bu məktub müxtəlif yozumlara səbəb olub. Bunlardan biri də 13 ildir ki, Ərdoğana münasibətdə hər zaman geriləmə taktikası seçən Doğanın birdən-birə meydan oxumasının səbəbidir. Yazarlar ortada iki versiya olduğunu iddia edir. Bunlardan biri Doğanın artıq küncə sıxışdırılması, son çarə olaraq məktuba əl atmasıdır. Məlumdur ki, ikili arasındakı münasibətlər nifrət həddinə çatıb. Ankara kulislərində Ərdoğanın illərdir Aydın Doğanla bağlı “Onu yağışlı gündə susuz qoyacam” deməsi müzakirə olunur.

İkinci bir versiya isə Ərdoğan iqtidarının bitəcəyi ilə bağlıdır. Bu halda isə küncə sıxışdırılan A.Doğan yox, Ərdoğandır. Belə ki, AKP-lilər Doğanın sahibi olduğu “Hürriyet”ə hücum etdikdən sonra ABŞ-ın Ankaradakı səfirinin “Hürriyyet”in redaksiyasına baş çəkməsi də bunun sübutudur. Bunun mənası isə olduqca aydın idi. AKP də bunu gördü və “Hürriyet”i təhdid edən Abdülrəhim Boynukalını millət vəkilliyinə namizəd etmədi.

ABŞ-ın atdığı addımlar və böyük ehtimalla da “Doğan-Holdinq”in sorğu nəticələri AKP-nin bu seçkilərdə uduzacağını göstərir. Bəzi analitiklər isə hesab edir ki, Ərdoğan bunu bildiyi üçün son bir həmlə olaraq Doğana qarşı addım atmaq istəyir. Zamana qarşı aparılan bu müharibədə isə Aydın Doğan bu həmlə ilə Ərdoğanı vaxtsız yaxalayıb, onsuz da zəifləməkdə olan partiyaya son bir təpik vurmaq istəmiş ola bilər. Hesab edilir ki, 13 ildir ki, Ərdoğana qarşı səssiz mövqe sərgiləyən A.Doğanın birdən hücuma keçməsinin arxasında da bu, dayanır. Necə deyərlər, A.Doğan özətlə Ərdoğana bir vida məktubu yazıb.

Ərdoğan Doğanı “can evi”ndən necə vurub?

Amma Ərdoğan da heç vaxt Doğan qarşısında geri çəkilməyib. Məsələn, Doğanı məktub yazmağa təşviq edən son çıxışında olduğu kimi... Həmin çıxışda o, media-holdinq rəhbərinə qarşı ilginc ittihamlar səsləndirib: “Ey Doğan, niyə narahat oldun? Sən deyildinmi mənim seçilmə haqqım əlimdən alınan zaman “muxtar belə olamazsan” deyə qəzetində başlıqlar verən? Bütün köşə yazarlarınla bizə hücum etdiyin o günləri unudacağımızı sanırsan? Prezident olduq, hələ də davam edirsən. Millətin verdiyi səsə hörmətin yoxdur. Bax, Doğan, sənə bunu deyim. Mənə gəlib “Sizin dönəminizdə birə-beş qazandım” deyən sən deyilsənmi? “Conrad” otelində “Mən hörmətli Dəmirəllə də işlədim, Tansu xanımla da, Özalla da. Hörmətli Özal mənə “media ilə də olmaz, onsuz da olmaz” bunu dedi. Tansu xanım isə onsuz da bizə qalib gələ bilmədi” deyən sən deyildinmi? Haqqın olanı hər zaman alarsan, amma haqqın olmayanı bizdən öncəkilərdən olduğu kimi bizdən ala bilməzsən. Sabah, ya da o biri gün bütün kollektivini yığıb yalan-yanlış bir ssenari ilə buna cavab verəcək. Amma millətim həqiqəti onsuz da bilir. Bunlar hökumət yıxmağa, qurmaya alışmış olan yazılı və elektron mediadır. Hər cür səltənəti sürərlər”.

Doğanın “fərman”i 2013-cü ilin 1 mayinda verilib?

Bu, son günlərdə məlum davanın səs gətirən detallarıdır. Öncə Ərdoğan danışdı, sonra Doğan onu cavabladı. Amma bu davanın görünməyən tərəfi də odur ki, bu ikili hər zaman seçki öncəsi davaya girişirlər. Ən azı son 8 ildə mənzərə bu cürdür. Hər dəfə seçki nəticələri açıqlanan, məlum “balkon çıxışları” edilən gündən sonra bu dava “yaddan çıxır”. Amma iqtidar kluarlarında dolaşan şayiələrə görə, bu dəfə vəziyyət fərqlidir. Belə ki, Gəzi parkı olayları və 17/25 dekabr hadisələri zamanı “Doğan-Holdinq”ə daxil olan media quruluşlarının yayın siyasəti iqtidarın heç yadından çıxmayıb. Elə bu səbəbdən A.Doğanla bağlı hökmün 2013-cü ilin 1 may tarixində verildiyi deyilir. Həm də “bundan sonra heç nə əvvəlki kimi olmayacaq” anonsu ilə.

Bu soyuq davanın xronoloji ardıcıllığı – əvvəl “abi” deyirdi, sonra...

Amma cütlüyün münasibət yelpazəsinə, yaşadıqlarına xronoloji ardıcıllıqla baxaq.

3 iyul 2002: Doğan qrupunun qəzetlərini nəşr etmək üçün Almaniyada qurduğu yeni nəşr təsisatları və yayın evi binasının açılışına baş nazir köməkçisi Məsud Yılmaz, DYP sədri Tansu Çillər, AKP sədri Rəcəb Tayyip Ərdoğan, xarici işlr naziri İsmail Cem qatılıb.

A.Doğan Ərdoğanı sonuncu bələdiyyə sədri olduğu gündən tanıyırdı. O vaxtdan münasibətləri yaxşı olub. AKP-nin quruluş dönəmində də Doğan qrupunun böyük dəstəyi olub.

A.Doğanın söylədiyinə ğörə, Ərdoğanla son dəfə 2006-cı ilin sentyabrında bir araya gəliblər. Media patronunun dediyinə görə, bu görüşmələrdə Ərdoğan ona “abi” deyə müraciət edirmiş.

Münasibət illər sonra, Almaniyada başlanan bir məhkəmə prosesinə görə pozuldu: “Dəniz fənəri”!..

“Dəniz fənəri” ilə bağlı Doğana məxsus media qrupunun hazırladığı xəbərlər Ərdoğanı çox hirsləndirdi.

6 sentyabr 2008

İstanbul Güngören təşkilatını ziyarət zamanı Ərdoğan Aydın Doğanla bağlı ağır sözlər deyib: “Hörmətli Doğan “Hilton” otelinin önündəki ərazidə rezidensiya tikmək üçün məndən İstanbul Böyükşəhər Bələdiyyə sədrinə təlimat verməyimi xahiş edib. RTÜK-də (Radio Televiziya Üst Kurumu-müəl.) hansı işiniz var, bilirəm. RTÜK sədrini indidən günahkar elan etmənizin mənfəət hesablamalarınızla bir əlaqəsi var, ya yox? Bundan sonra “sayğı ilə, sevgi ilə işimizi görək” söhbəti yoxdur. Hər şeyi açıq və şəffaf şəkildə millətin nəzərinə çatdıracağıq”.

A.Doğan isə elə həmin vaxt Ərdoğanın sözlərinə cavab vermişdi: “Mən baş nazirin yanına “Hilton” üçün getməmişdim. Mən onun yanına gedib dedim ki, 2.5 milyon dollar pulum var, orada böyük bir kimyəvi təmizləmə şirkəti qurmaq istəyirəm, bunun üçün sənəd lazımdır. 3 ilə bu layihəni bitirəcəm. O da dedi ki, həmin ərazini sənə verə bilmərəm, Çalık qrupu da oranı istəyir”.
Bundan başqa, A.Doğan RTÜK-ə müraciət edərək, CNN-lə bağlı şikayət etdiyini xatırladıb. Onun bildirdiyinə görə, həmin vaxt qurum sözügedən kanalla bağlı “qaralama kampaniyası aparması” ilə bağlı qərar versə də, “yuxarı”dan müvafiq razılığı gözləyirmiş.

Bu, davanın ilk raundudur. Maliyyə qurumları Doğan qrupuna 3 milyard 755 milyon lira məbləğində cəza verərək, mübahisəni bir müddət səngitdi.

5 Mart 2009

Ərdoğan Kral FM-dəki verilişdə A.Doğanın ona məktub göndərdiyini deyərək, bu barədə danışıb: “Mənim arayışım yoxdur. Keçmişdə çox danışdıq. Mənim Aydın bəyə söylədiyim məsələ bu idi ki, ailəmlə bağlı yalan xəbərlər hazırlayıb yayırsınız. Qəzetləri çıxartdırdım. Dedi ki, “mən müdaxilə edə bilmirəm”. Allah eşqinə, o qədər pul verdiyin yazarlarına müdaxilə edə bilməcəyəksənmi?”
Bu çıxışdan sonra A.Doğan hadisələrə müdaxilə etdi: tək-tək yazarlarını qovmağa başladı.
Taha Akyoldan tutmuş, Akif Bekiyə qədər... “Hürriyyet” qəzetinə bu imzaları gətirdi. Bu da bəs etmədi. “Milliyyət” və “Vətən” qəzetlərini əldən çıxarıb satdı.

Aydın Doğanın bu qarşidurmaya görə itirdiyi milyardlar...

Ümumiyyətlə, baş nazirlə qarşıdurma A.Doğan üçün təkcə vergi cəriməsi ilə nəticələnmir. O, son illər bəzi şirkətlərin əlində olan səhmlərini satıb. Buraya Neft ofisinin 54.14 faizlik hissəsinin Avstriyanın “OMV” şirkətinə , “Ray Sığorta A.Ş” sərmayəsində sahib olduğu hissələrin isə “Vienna Insurance Group AG Wiener Versicherung Gruppe”yə (VIG) və “TBIH Financial Services Group N.V.”a satışı daxildir. Bununla bərabər, iş adamı 2011-ci ildə “Milliyyet” və “Vatan” qəzetlərini, bu qəzetlərin internet portallarını “Demirören&Karacan”nın ortağı olan “DK Gazetecilik”ə satıb.

Analitiklər isə deyir ki, əslində bu davadan hər zaman Ərdoğan qazanclı çıxıb. Çünki publikaya hesablanmış çıxışlar ona hər seçki öncəsi seçici səsi olaraq geri qayıdıb. A.Doğanın "xidmətlərindən" biri də AKP-nin hakimiyyətə gətirilməsidir. Bunun üçün Amerikanın dəstəyi ilə ölkədə iqtisadi böhran yaradılır. Baş nazirin sağlamlıq vəziyyətinə dair təxribatlar yayılır və bununla da, vaxtından əvvəl seçkilərin keçirilməsi məsələsi gündəmə gətirilir.

Süni iqtisadi böhrandan sonra seçkinin iqtidar partiyası üçün fəlakət olacağı aydın idi. Seçkilərdə Doğan mediası əvvəldən hazırlanmış plana uyğun şəkildə AKP xaricində bütün partiyaları tənqid edərək bugünkü hökumətin yolunu açır. Düzdür, sonradan iş adamının Rəcəb Tayyib Ərdoğanla münasibətləri gərginləşir, hətta onlar düşmənə çevrilirlər. Bir zamanlar Ərdoğanı hakimiyyətə gətirən media maqnatına qarşı 4,6 milyard dollar səviyyəsində vergi cəriməsi tətbiq edilməklə aradakı bütün körpülər yandırılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net