Seçkilərdə iştirak edən media nümayəndələrinin qatıldığı dairələr
Tarix: 28-09-2015, 15:25 | Çap et
Seçkilərdə iştirak edən media nümayəndələrinin qatıldığı dairələr
1 noyabr parlament seçkilərində namizədliyini irəli sürmüş şəxslərin içərisində bir sıra media nümayəndələri də var. MSK artıq onlardan bəzilərinin namizədliyini təsdiqləyib. Hafta.az-ın verdiyi xəbərə görə, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Elçin Mirzəbəylinin namizədliyi BAXCP-nin səlahiyyətli nümayəndəsi tərəfindən Komissiyasına təqdim olunub.

“Gündəlik Teleqraf” qəzetinin şef redaktoru Taleh Şahsuvarlı Laçın dairəsindən namizəd olmaq istəyini bəyan edib. O, seçkiyə müstəqil namizəd kimi qatılacağını bildirib.

Publisist jurnalist İlhamiyyə Rza 17 saylı Yasamal seçki dairəsindən namizəd olacağını bildirib. Jurnalistin namizədliyi “125-lər” siyasi klubu tərəfindən irəli sürülüb.

Əyalət jurnalistlərindən də bu il parlament seçkilərində iştirak etmək üçün namizəd olan şəxslər var. “Yeni Gəncə” qəzetinin baş redaktoru Dilbazi Məmmədov 102 saylı Samux-Şəmkir Dairəsindən namizəd olacağını açıqlayıb. O, seçkiyə müstəqil namizəd kimi qatılır.

Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş redkatoru Elşad Eyvazlı da seçkilərdə iştirak etmək niyyətini bəyan etsə də, hələ ki, qatılmaq istədiyi dairə haqda bir söz deməyib.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da qeyri-müəyyənlik yaşayan jurnalistlərdəndir. Rauf Arifoğlu seçkilərdə iştirak etmək niyyətinin olduğunu deyərək sentyabrın 24-25 aralığında son qərarını verəcəyini bildirsə də, hələlik bu barədə heç bir açıqlama verməyib.

Jurnalist-yazar Aysel Əlizadə də artıq seçkidə iştirak edəcəyi dairəni müəyyən edib. O, Binəqədi 1-ci seçki dairəsindən namizəd olacağını açıqlayıb.

Aysel Əlizadənin namizədliy “125-lər” siyasi klubu tərəfindən irəli sürülüb.

“Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyini Yeni Azərbaycan Partiyası dəstəkləyir.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov da bu il keçiriləcək seçkilərdə iştirak edəcək. O, 119 saylı Ağdam kənd seçki dairəsindən namizəd olub. Bəxtiyar Sadıqovun da namizədliyini hakim Yeni Azərbaycan Partiyası dəstəkləyir.

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov da seçkilərə iştirak edəcəyinə dair açıqlama verib. O, 62 saylı Saatlı Seçki Dairəsindən namizəd olduğunu açıqlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net