Bu gün Nyu-Yorkda Obama və Putin görüşəcək
Tarix: 28-09-2015, 10:19 |
Çap et
Bu gün Rusiya prezidenti Vladimir Putin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Qeyd edək ki, son iki ildə Rusiya və ABŞ arasında münasibətlər gərginləşib. Suriya, daha sonra Ukrayna böhranı iki ölkə münasibətlərini “soyuq müharibə” dövrünə qaytardığını iddia edənlər də vardı. Ancaq son aylarda xüsusən də Suriya və Yaxın Şərqdə dərinləşən terrora qarşı mübarizədə Rusiya və ABŞ-ın mövqelərində müəyyən yumşalma müşahidə olunur. Vaşinqton müəyyən mənada Suriya mövzusunda Moskva ilə anlaşmaya meyilli olduğunu nümayiş etdirir.
Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Rusiya və ABŞ arasında gərginlik artıq Moskvanın özü üçün ciddi problemlər yaratmağa başlayıb. Ekspertin fikrincə, indi Putin Obama ilə görüş təşəbbüsü irəli sürməklə çalışır ki, ABŞ-la xüsusən də Yaxın Şərq böhranı ilə bağlı əməkdaşlığı yenidən bərpa etsin: “Barak Obama Ukraynadakı hadisələrə görə bir neçə ildir Putinlə dialoqdan çəkinirdi. Putin Ukraynaya görə Qərblə dialoqdan məhrum olub. Putin bir ara bu duruma görə təəssüflənmədiyini deyirdi. Ancaq Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar Putini silkələyib. Rusiyanın iqtisadi, sosial və maliyyə durumu getdikcə ağırlaşır. Qərb bu yolla Putinə anlatmaq istəyib ki, o, Ukraynanı parçalamaqla bütün qırmızı cizgiləri aşıb. Putin Qərbin ciddi təzyiqi altında olarkən Suriyadakı durum axarından çıxıb və bu, Rusiyaya da ciddi təhlükə yaradır. Bir tərəfdən İŞİD sıralarında minlərlə Rusiya vətəndaşı savaşır və onların gələcəkdə geri dönüşü şimal qonşumuza böyük problemlər yaradacaq. Digər tərəfdən Putin Bəşər Əsəd rejiminə dəstək verməklə Qərblə, ərəb dünyası və Türkiyə ilə münasibətləri daha da soyudur. Rusiyanın Suriyaya daha çox silah-sursat satması, o cümlədən hərbi təlimçilərini bu ölkəyə göndərməsi də beynəlxalq aləmi narahat edir.
Putin beynəlxalq aləmə sübut etməyə çalışır ki, onun Əsədə dəstəyi İŞİD-i susdurmaq məqsədi daşıyır və bu ABŞ-ın da xeyrinədir. Elə məhz bu səbəbdən Putin Obama ilə görüşə can atırdı ki, təkbətək görüşdə İŞİD-ə qarşı əməkdaşlığın hamıya faydalı olduğunu anlatsın. Təsadüfi deyil ki, Obama-Putin görüşünün təşəbbüskarı məhz Kreml sahibi olub, bunun üçün vasitələri işə salıb. Halbuki, belə bir görüşün baş tutmayacağı bir neçə ay əvvəldən anons edilmişdi".
Ancaq E.Şahinoğlu deyir ki, Obama Putinlə görüşüb İŞİD-ə qarşı birgə mübarizəni müzakirə etsə də, Vaşinqton Rusiya ilə əməkdaşlıq məsələsində son dərəcə ehtiyatlı olacaq: “ABŞ-Rusiya tandeminin İŞİD-ə qarşı birgə mübarizəsi perspektivi hələ o demək deyil ki, Vaşinqton Moskvanın Əsədə hərtərəfli dəstəyinə göz yumacaq. Çünki Əsəd öz silahlarını yalnız İŞİD-ə qarşı deyil, müxalifətə qarşı da istifadə edir, mülki insanların tələfatı azalmır. Yəni Suriyada insanları yalnız İŞİD deyil, Əsəd ordusu da qırır. Ona görə də Obama Putinlə Suriya mövzusunda əməkdaşlıqda qırmızı cizgini keçməyəcək. Obama Putinlə razılaşmanın müttəfiqləri Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə tərəfindən dəstəkləməyəcəyini də anlayır, bunun ABŞ-dakı siyasi dairələr tərəfindən də müsbət qarşılanmayacağını fərqindədir. Respublikaçılar Partiyasının prezidentliyə namizədləri Obama-Putin razılaşmasından öz seçkiqabağı təbliğatlarında demokratların namizədinə qarşı istifadə edəcəklər”.
Ekspertin fikrincə, Rusiya prezidenti Obama ilə görüşdə beynəlxalq aləmin diqqətini Suriya böhranına yönəltmək, həmçinin Ukrayna problemini arxa plana keçirməyə çalışacaq: “Putinin Obama ilə sövdələşməyə can atmaqda məqsədi aydındır. Birincisi, o, Obamanın razılığını almaqla beynəlxalq aləm tərəfindən Əsədə dəstəyin legitimliyini qazanmaq istəyir. İkincisi, Putin Amerika ilə əməkdaşlığa başlamaqla Krımın işğalını və Donbasın Ukraynadan ayrılmasını arxa plana keçirmək istəyir. Başqa sözlə, Rusiya prezidenti diqqəti Ukraynadan Suriyaya yönətlmək istəyir. Bu alınmayacaq. ABŞ üçün İŞİD-ə qarşı mübarizə əhəmiyyətli olduğu qədər, Ukrayna mövzusu da daim diqqət mərkəzindədir. Obama Putinin hiyləsinə aldanmayacaq. Krımın işğalına və Donbas separatçılarına dəstəyə görə Putin və Rusiyanın başı hələ çox ağrıyacaq”.