“Hər məhkəmə prosesindən əvvəl düşünürdüm ki, bu dəfə azad edəcəklər” -Gülər Əhmədova
Tarix: 28-09-2015, 09:13 | Çap et
“Hər məhkəmə prosesindən əvvəl düşünürdüm ki, bu dəfə azad edəcəklər” -Gülər Əhmədova
Onunla danışmaq təxmin edildiyindən də çətin oldu. Bir Allah, bir şahidlər bilir, müsahibə üçün razılıqlar neçə dəfə verildi, tərəddüdlər, uzun-uzadı telefon danışıqları... Hətta bir dəfə görüşdük, 4-5 saatlıq görüşün sonunda müsahibə də alındı, amma sonra ondan da vaz keçildi. O hekayəni isə xatırlamaq belə istəmirəm.

Keçmiş millət vəkili, 1 il 3 aylıq məhbusluq dönəmindən sonra 2014-cü ilin 5 mayında azadlığa çıxan Gülər Əhmədova o vaxtdan bəri mətbuatda epizodik olaraq görünüb.
Bir-iki suala cavab verib, siyasətdən, ictimai həyatdan uzaqlaşdığını deməklə kifayətlənib sadəcə. Amma bu sətirlərin müəllifinin elə məhkəmə zalında dediyi “mən çıxacam və biz oturub qız-qıza danışacağıq” anonsu aktuallığını hər zaman qoruyurdu.

Müsahibənin əvvəlindən şərtini qoydu: nə məlum videodan, nə Elşad Abdullayevdən, nə siyasətdən, nə də Sevinc Babayevadan danışacam.... Söz sözü gətirib, mövzu sadaladıqlarımıza gəlincə isə, “onda danışmıram” deyib, ayağa durdu. Və biz də eks-deputatın, siyasət adamının son bir neçə ildə hamımızın gözü qarşısında yaşadıqlarını detallara varmadan onun dilindən anlatmağa çalışdıq.

- Həbs gününüzə qayıdaq istərsəniz. O vaxt da belə versiya ortaya atıldı ki, Gülər Əhmədovanın oğlunun 8 yaşı tamam olan gün tutulmasının xüsusi səbəbi var. Çünki qanunvericilikdə övladı 8 yaşına qədər olan analarla bağlı xüsusi güzəşt var. Sizi doğum günü masasından apardılar?

- Yox, aparılmamışam. Məni dəvət etmişdilər, mən də getmişdim. Heç kəs məni gəlib evdən aparmamışdı.

- Və siz evə qayıdacağınızı düşünürdüz həmin gün?

- Təbii. Mənə dedilər ki, imzalanacaq bəzi sənədlər var, gəlin imzalayın. Məhkəməni də həmin gün keçirdilər.

- Axşam vaxtı, saat 9-da... tələm-tələsik və heç bir normaya uyğun olmadan...

- Belə məsləhət bildilər və elədilər.

- Müsahibədən əvvəl bir söz dediz: Hər məhkəmə prosesindən əvvəl düşünürdüm ki, bu dəfə məni azad edəcəklər.

- Bəli, elə düşünürdüm. Bilirdim ki, mənim ətrafımda mənə aidiyyəti olmayan çoxlu söz-söhbətlər var. Siz hərdən soruşursuz ki, niyə mətbuatdan inciksiz? Mətbuatda mənim haqqımda çoxlu yalanlar vardı. Mülklərimin sayı, ailəmlə bağlı, yazdığım statusların yozulması, onlara media tərəfindən min məna verilməsinə qədər... Bunların hamısını mətbuat etmişdi.

- Bunların sizin həbsinizə nə aidiyyəti vardı? Axı sizi tamam başqa maddə, başqa səbəblə tutdular...

“Bir qar uçqununun altında idim, gözləyirdim... ”


- Vallah, Sevinc xanım, siz deyirsiz ki, yoxdur. Amma mən də deyirəm ki, bunların həbsimə aidiyyəti vardı. Danışırdılar, yazırdılar, yazırdılar... Mənsə bir qar uçqununun altında idim, sanki. Gözləyirdim ki, hər şey bitsin....

- Mübahisə etmək istəmirəm. Amma sizin həbsiniz, həbsdən öncə baş verənləri jurnalistlər yaratmamışdı axı. Biz baş verənlərin ətrafında fırlanır, onu araşdırırdıq sadəcə. Yəni biz hadisənin arxasınca düşmüşdük, hadisəni arxamızca aparmırdıq.

- Ola bilər. Mən sizinlə də razıyam. Sizin dediklərinizin də yaşamaq hüququ var. Demək istəyirəm ki, haqqımda yalan çox yazıldı. Oturub bu yalanları bir-bir araşdırsaq, görəcəksiniz ki, nə nədir. Onsuz da bunlardan nəyin yalan olduğunu artıq sizə də demişəm. Məhkəməmə də gəldiz, çox şeyi gördüz, çox şeylə maraqlandız. Yalan idi çoxu, yalan...

- Yaxşı, bəs o işdəki həqiqət nə idi? Hesab edək ki, keçdi, getdi... Amma həqiqət payı da var idi də hardasa... Nə idi o həqiqət?

- Mən bildiklərimi məhkəmədə demişəm. Mövzunu bağladıq...

- Bağlayaq. Onda Gülər Əhmədovanın 1 il 3 aylıq həbs dönəmi nə idi: cəza, ədalətsizlik, sınaq... ya nə?

- Talesizlik.

- Tez-tez Qurandan sitatlar gətirirsiz, dini mövzulara istinad edirsiz, namaz qıldığınızı deyirsiz ... Bu, başınıza gələn hadisələrdən sonra dinə sığınmanızın əlamətidir, yoxsa öncədən bu sahədə məlumatlı idiz?

- Mən heç bir zaman ibadətimlə bağlı açıqlama verməmişəm. Sadəcə, həmin ərəfələrdə mənim çox vaxtım oldu, daha çox dini ədəbiyyat və islam tarixi və fəlsəfəsi haqqinda oxudum. Çox böyük məlumatlar , biliklər əldə etdim. “Həbsdən sonra ibadətə başladı’’.. fikri doğru deyil. Ümumiyyətlə, bunu danışmaq, yazmaq doğru şey deyil. Onda sənin ibadətin heç nə olur. Bunu nə danışmaq lazım deyil, nə də müzakirə etmək. Bu, Allahla sənin aranda olur. Bu, intim şeydir, bunu danışmazlar. Kim bunu danışırsa, onun ibadətinin heç bir faydası olmur. O ibadət qəbul olunmur. Siz içinizdə dua edəndə gəlib bunu hamı ilə bölürsüz? Namaz da duanın bir formasıdır da. Namaz insanla Allahın arasında olan danışıqdır. Bunu gəlib başqasına danışarlar, yazarlar, mətbuata çıxararlar? Olmaz bu...

- Məhkəmənizdən biri xaric, fotonuz demək olar ki, yoxdur. O da məhkəmə zalında yox, bayırda çəkilib. Başınız bağlı, uzun paltarlı foto. Nə bir səs, nə bir videogörüntü... Özünüz tələb etmişdiz bunu? Sizin xahişiniz əsasında idi?

- Xeyr. Yadınızdan çıxıbmı, mən məhkəmədə “jurnalistlərə icazə verin, diktafonla işləsinlər, dediklərim təhrif olunur” deyə xahiş etmişdim hakimdən? Mənimlə bağlı məhkəmədən foto, video görüntü yoxdursa, bu, mənim xahişimlə deyil.

- Hər halda indi arxivlərdə belə videogörüntü, audisəs yoxdur... “Gülər Əhmədovanın məhkəmə günləri” deyə... Bu, yaxşı bir haldır sizinçün?

- Vallah, birinci dəfədir bu haqda indi düşündüm. Siz bu sualı verməsəydiz, ağlıma da gəlməzdi ki, müsbətdir, mənfidir? Bundan sonra düşünəcəm. Amma önəmli olsaydı, yəqin ki, düşünərdim.

- Hər şey keçdi, getdi. O günlər də geridə qaldı. Gülər Əhmədova indi necə yaşayır?

- Hamı kimi...

- "Hamı kimi" anlayışı yoxdur axı. Hərə bir cür yaşayır. Məsələn, sizinlə mənim yaşantımız eyni ola bilməz, doğrudu?

- Allah hərəyə bir həyat verib, onu yaşayır.

- Yaxşı, günləriniz necə keçir? Belə soruşum. Uşağının dərsdən gəlməsini gözləyən, o gün sosial şəbəkədə yazdığınız kimi, onun tapşırıqlarını yoxlayan, vatsapda digər valideynlərlə uşaqların dərsləri ilə bağlı yazışan... sıradan, evdar qadın?

“Belə məsləhət bildilər, elədilər”


- Özünüz gördüz də. Elə dediyiniz kimi keçir. Belə də yazın - evdar qadınam. Qoy rahat olsun hamı. (gülür)

- Gülər Əhmədova bundan sonra gələcəyə baxanda nə görür? Məsələn, şəxsi plandakı gözləntiləri, arzuları, xəyalları... nədir?

- Yaxşı bir toy istəyirəm oğlanlarım üçün. Yaxşı gəlinlər istəyirəm. İnanın mənə, bu saat ən böyük arzum budur. Xeyirlisi ilə. Qızım yoxdur, istəyirəm gəlinlərim mənə qızım kimi olsunlar. Oturaq, dərdləşək, danışaq. Həm savadlı olsunlar, ziyalı qızlar olsunlar, həm də ağıllı, tərbiyəli olsunlar. Balam kimi. İsterik, meşşan qızlar olmasınlar. Əsalətli qızlar istəyirəm. Əsalət olsa, qalan hər şey düzəlir. Allah özü yoluna qoysun. Bax, jurnalistsiz, bir şey soruşum sizdən. O nədir ki, onu qazanmaq olmur müəyyən yaşdan sonra?

- Gözəllik, səbir, xarakter?

- Yox, yaşla gəlir səbir. Düzgün cavab mədəniyyətdir. Publika üçün özünü mədəni kimi göstərməkdən danışmıram mən. Daxili mədəniyyətdir dediyim. O daxildə olmayanda heç nə kömək etmir. Daxili mədəniyyəti olan qızları istəyirəm. Allaha həmişə dua edəndə deyirəm ki, bir var insandan həya edənlər, bir də var Allahdan həya edənlər. Yer olar ki, sən fikirləşərsən ki, mən burda kimdən həya etməliyəm ki? Ailəmdir də, burda kimdən həya edim? Amma Allahdan həyanı bacaran insandırsa, onun hər şeyi yerindədir. Bir din aliminin yanına 8 varlı adam öz uşağını gətirir ki, bunlara dərs keç, bunlardan yaxşı insan yetişdir. O da deyir ki, bir şərtlə razıyam ki, 1 il bunlara dərs keçəcəm, sonra imtahan edəcəm. İmtahandan sonra deyəcəm ki, kim mənim yanımda qalır, kim yox. Uşaqlar 1 il sonra imtahandan keçirir. Onlara deyir ki, sizə 1 saat verirəm, gedirsiz, heç kimin olmadığı bir yerdə bir quşu tutub, başını kəsib gətirirsiz. Gözləyirəm.

“Oğlanlarım üçün yaxşı bir toy, gözəl, mərifətli gəlinlər istəyirəm”


Uşaqların 7-si quş başını kəsib gətirir. Biri gəlib çıxmır. Gedirlər hamılıqla bu uşağı axtarmağa. Görürlər ki, bir uçuq damın yanında uşaq zar-zar ağlayır. Deyirlər ki, ay bala, niyə ağlayırsan, quş tapmamısansa, tapmamısan da, burda nə var ki? Uşaq deyir, quşu tutmuşam, quş əlimdədir. Amma heç kimin olmadığı yer tapa bilmirəm ki, başını kəsim. Axı Allah hər yerdədir. Hara getdimsə, Allah məni gördü. Allahdan həya bu məsələdir. Uşağı gətirirlər müəllimin yanına, ona baş verənləri deyirlər. Müəllim deyir ki, qalan 7 uşağı aparın, bu 1 uşaq qalsın, buna dərs deyəcəm. Çünki bu 1 ildə bu uşaq anlayıb ki, mən ona nə demişəm.

- Türmədə verdiyiniz “inşallah, burdan çıxım, qız-qıza söhbət edəcəyik” anonsunuz yerinə yetirilmiş sayılır? Danışdıq, demək istədiyinizi dediz?

- Nə lazımdırsa, danışdıq. Qapat artıq diktafonu.... (musavat.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net