Keçmiş arvadını öldürənə 18 İL HƏBS
Tarix: 22-09-2015, 17:04 |
Çap et
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Qurban Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, bu il fevralın 3-də Y.Çəmənzəmənli küçəsi 106, mənzil 44-də Qurban Kazımov aralarında yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı, Nübar Muradovanı bıçaqlayaraq qətlə yetirib. Daxil olan məlumat əsasında hadisə yerinə Nərimanov RPİ, 16-cı polis bölməsi və prokurorluq əməkdaşları cəlb olunmaqla, müvafiq müayinə aparılıb. Cinayəti törədən Qurban Kazımov həmin gün saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl Kazımov və Muradova Nərimanov rayon məhkəməsinin qərarı ilə boşanıblar, lakin yenə də müvəqqəti bir mənzildə yaşayıblar.
İstintaqda dindirilən Q.Kazımov bildirib ki, qonşuların onun keçmiş arvadının davranışına dair atmacalarından bezib. Fevral ayının 2-də gecə saatlarında evə gələrək keçmiş həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. O, hələ də bir evdə yaşadıqları üçün qadından davranışına fikir verməsini və özünü normal aparmasını tələb edib. Muradova isə cavab olaraq istədiyi kimi davranmaq ixtiyarında olduğunu bildirib. Qarşılıqlı söyüşlərlə davam edən mübahisə nəticəsində əsəbilərini cilovlaya bilməyən Qurban üzərindəki bıçaqla keçmiş arvadına çoxsaylı zərbələr endirərək, onu öldürüb. İstintaqla müəyyən edilib ki, cinayət törədilərkən onların iki azyaşlı övladları da evdə olublar.
Məhkəmə prosesində Qurban Kazımov ittiham üzrə özünü təqsirli hesab edib və törətdiyi əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.