Müfəttişi saymadı, maşını üstünə sürdü
Tarix: 21-09-2015, 17:07 |
Çap et
Şəmkirdə və Şamaxıda sənədsiz sərnişin daşıma ilə məşğul olan xeyli sürücü aşkarlanıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəmkir Regional Şöbəsinin əməkdaşları yol polisləri ilə birlikdə reyd keçiriblər. Hədəf sənədsiz sərnişindaşıma ilə məşğul olan sürücüləri aşkarlamaq olub. Kəpəz TV (Region TV) xəbər verir ki, yoxlamalar zamanı xeyli sayda belə sürücü barəsində müvafiq tədbir görülüb.
Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra Şəmkirdə də Nəqliyyat Nazirliyinin müvafiq strukturu yol polislərinin iştirakı ilə kütləvi yoxlamalar aparıb.
Özləri ilə yanaşı, onlarla sərnişinin taleyinə cavabdeh olan sürücülər tutulan əksər iradlarla razılaşmayıblar. Hətta müfəttişlərin saxla işarəsinə tabeçilik göstərməyənlər də olub. Yalnız yol polislərinin müdaxiləsindən sonra belə avtomobillərin saxlanılması mümkün olub.
Reyd zamanı heç bir sənədi olmadan sükan arxasında əyləşənlərə də rast gəlinib. Belə sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb. Sərnişinlər isə digər nəqliyyat vasitəsi ilə mənzil başına yola salınıblar. Yol polisinin sərnişindaşıma qaydalarına əməl etməyən sürücülərə tutduğu iradlar isə xırda mübahisələrlə yadda qalıb.
Şəmkirdə nəqliyyat müfəttişləri ilə yol polisinin reydi maraqlı anlarla yadda qalıb. Belə ki, bəzi sürücülər sərnişindaşıma qaydalarını pozmaqla yanaşı, mikroavtobuslardan yükdaşımada istifadə edirlər. Bu isə sonda əlavə problemlərə yol açır.
Ümumilikdə gün ərzində 10-a yaxın sürücüyə inzibati protokol yazılıb. Sürücülük hüququ olmadan sərnişin daşıyan 3 sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.
Qafar Qarayev - DANX-nin Şəmkir Regional Şöbəsinin rəisi: "Sərnişinlərdən xahişim odur ki, onlar da nəzərdə tutulan dayanacaqlardan, stansiyalardan və yaxud da avtovağzallardan istifadə etsinlər. Çünki həmin yerlərdə bizim müfəttişlərimiz hər bir şeyə nəzarət edirlər".
Qeyd edək ki, nəqliyyat müfəttişləri ilə yol polislərinin reydləri qarşıdakı günlərdə də davam etdiriləcək.
Kanal S /Region TV xəbər verir ki, Şamaxıda da qanunsuz sərnişindaşımaya qarşı reyd keçirib. Reyd zamanı bir sıra qayda pozuntusuna rast gəlinib.
Şamaxıda keçirilən reyd zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini sənədsiz idarə etməsi məlum olub.
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Şamaxı Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı bir sıra qayda pozuntusu aşkar edilib.
Qayda pozuntusuna yol verən 16 sürücü cəzalandırılıb. Bunlardan bir qismi yerindəcə cərimələnib, bir neçə avtomobil cərimə meydançasına aparılıb.
Bəzi sürücülər vəzifəsini yerinə yetirən məmurlarla mübahisə etməkdən çəkinməyiblər. Elələləri də olub ki, göz görə-görə sərnişin daşımadığını iddia edib.
Reyd zamanı həyacanlı anların da şahidi olduq. Saxla əmrinə tabe olmayan sürücülərdən biri avtomobili müfəttişlərin üzərinə sürməkdən çəkinməyib.
Cəzaya qarşı daha aqressiv reaksiya verən bəzi sürücülər isə reydi işıqlandırmaq üçün ərazidə çəkiliş aparan əməkdaşlarımıza mane olmağa çalışıblar.
Belə reydlərin davamlı surətdə aparılacağı nəzərdə tutulur.