Cavid Qurbanovun keçmiş rəqibindən fərqli mövqe
Tarix: 21-09-2015, 17:03 |
Çap et
2010-cu il parlament seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa bitərəf namizəd olmuş Kəlbəcər Ziyalılar Cəmiyyətinin sədri İmamverdi Cəfərov budəfəki seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı qəti qərara gəlib. Qeyd edək ki, İmamverdi Cəfərov bir neçə həftə öncə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, YAP-ın namizədlər siyahısı açıqlanandan sonra seçkidə iştirak edib-etməyəcəyi barədə qəti qərarını elan edəcək.
Artıq YAP-ın deputatlığa namizədlər siyahısı açıqlanıb və İmamverdi Cəfərov vədinə sadiq qalaraq “Yeni Müsavat”a seçkidə namizədliyini verib-verməyəcəyi barədə qəti qərarını açıqlayıb. İ.Cəfərov bildirib ki, o, hakim partiyanın siyahısında 123 saylı Kəlbəcər seçki dairəsindən hazırkı millət vəkili Cavid Qurbanovun namizədliyinin olub-olmayacağını gözləyirmiş. YAP-ın Cavid Qurbanovun namizədliyini irəli sürdüyü rəsmiləşdiyi üçün qərara gəlib ki, budəfəki seçkilərdə namizədliyini irəli sürməsin: “Mən nəzərimdə tutmuşdum ki, Cavid Qurbanovun namizədliyi olmayacağı halda seçki mübarizəsinə qoşulum və 2010-cu ildəkindən də güclü seçki mübarizəsi ortaya qoyum. Cavid Qurbanovun namizədliyinin irəli sürüldüyü bəlli olandan sonra seçkilərdə namizədliyimi verməmək qərarını özüm üçün qəbul etdim. Tam səmimi deyirəm ki, YAP 123 saylı dairədə başqa bir şəxsin namizədliyini irəli sürsəydi yüz faiz seçkilərdə namizədliyimi verəcəkdim. Bitərəf namizəd olaraq çox ciddi seçki mübarizəsi aparacaqdım. Cavid Qurbanova görə seçkidə iştirak etmək fikrindən daşınmama səbəb isə mənim 2010-cu ildən indiyə qədər daim kəlbəcərlilər arasında necə deyərlər rəy sorğusu keçirməyim və camaatın öz deputatlarından razılıq etməsinə əmin olmağımdır. Kəlbəcər əhalisinin, seçicilərin rəyi mənim üçün əsasdır. Mən bu rəyi düz 5 ildir ki, öyrənirəm və görürəm ki, əhali Cavid Qurbanovun millət vəkili olmasını istəyir. Mən də Kəlbəcər əhalisinin məhz bu istəyini, rəyini nəzərə alıram. İctimai rəyə hörmət etməsən, ictimaiyyət də sənə hörmət etməz. Mən də bir kəlbəcərli kimi camaatımıza real deputatlıq edən şəxsin 123 saylı dairədən mandat daşımasını istəyirəm. Cavid Qurbanova da seçkilərdə uğurlar arzulayıram”.
Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan İmamverdi Cəfərov Kəlbəcərin işğalı zamanı Xanlar şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri işləyib və həmyerlilərinin o dövrdə Xanlar rayonu və ətraf bölgələrdə yerləşdirilməsində rol oynayıb. 2010-cu il parlament seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən müstəqil namizəd olub. Hazırda Kəlbəcər Ziyalılar Cəmiyyətinin sədri olan İmamverdi Cəfərov 2010-cu il parlament seçkilərində 123 saylı dairədə iki favorit namizəddən biri olub və seçki kampaniyası zamanı tənqidi fikirləri ilə fərqlənib.