“Eldar Namazov Heydər Əliyevin köməkçisi olanda, Əli Kərimli ilə hər axşam çörək yeyirdilər”
Tarix: 21-09-2015, 16:40 | Çap et
“Eldar Namazov Heydər Əliyevin köməkçisi olanda, Əli Kərimli ilə hər axşam çörək yeyirdilər”
AXCP sədri Əli Kərimliyə sentyabrın 27-də keçiriləcək qurultayda ən yaxın adamının, partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin rəqib olması barədə xəbər vermişdik. Günlər keçdikcə, namizədlik rəqabəti qızışır.

S.Kərimli sosial şəbəkələrdə paylaşdığı statusda cəmiyyətə, AXCP üzvlərinə verəcəyi mesajları Facebook üzərindən çatdıracağını qeyd edib. Namizədlik statusundan sonrakı ikinci paylaşımında AXCP sədrliyinə iddiaçı bəzi açıqlamalar verib. Həmin statusu təqdim edirik: “Dostlar, AXCP-nin qurultayı cəmiyyətin diqqətində olan məsələdir. Kifayət qədər ciddi iddia ortaya qoyduğumdan, məsuliyyətimi dərk edirəm. Fikirlərimi, mesajlarımı əsasən facebook profilimdən yayacağam. Mediadakı dostları mövzu olaraq, maraqlandıran sualların hər birinə profilimdə cavablar olacaq.

Həm bütövlükdə ictimai sektora, həm də ayrıca olaraq AXCP üzvlərinə ünvanlanan mesajlarımız var. Bunlar arasında sərhəd qoya bilməliyik. İctimai müzakirəyə çıxaracağım fikirlərim bütövlükdə vətəndaş cəmiyyətini narahat edən məsələlər olacaq. Bu daha çox ictimai legitimlik üçündür. Partiyadaxili məsələlər , idarəetmədəki səhvlər, kadrların seçilməsi, hesabatlılığın yoxluğu, kollegiallığın olmaması kimi məsələlər , ilkin olaraq facebookdakı daxili qruplarda müzakirəyə çıxarılacaq. Səsvermə partiya üzvlərinin iştirakı ilə olduğundan, əsas hədəfimiz onlardır. Nizamnamənin, demokratiya prinsiplərinin tələbləri, əsas tələbimizdir.

Onlardan sistemli şəkildə faydalanmağa çalışacağıq. Partiyadaxili müzakirələr o halda ictimailəşə bilər ki, prinsiplərdən imtina olunur, son çarə kimi ictimai basqıya ehtiyac var. Amma bütün hallarda biz siyasi yarışmanı mədəni idarə etməyə borcluyuq”.
S.Kərimli namizədliyini elan etdikdən sonra, ona partiya daxilindən, eləcə də, qurumdan çıxarılan keçmiş əqidədaşları tərəfindən dəstək gəlməyə başlayıb.

Aylar öncə S.Kərimli ilə aralarında olan əlbəyaxa davadan sonra, onu məhkəməyə verən, sonradan ərizəsini geri götürən AXCP-nin Nərimanov təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu “Yeni Müsavat”a açıqlamasında cəbhədəki bütün dostlarını ona səs verməyə çağırdı: “Düşmən olsan da, gərək namərd olmayasan. Mənim Sahib Kərimli ilə konfliktim olub. Amma onun namizədliyini bu gün məqsədəuyğun hesab edirəm. Partiyadan çıxarılsam da, orada kifayət qədər dostlarım var. Sahib bəy düz edib. Əli Kərimli İsa Qəmbər nümunəsi göstərməli idi. Qurultaydan sonra Müsavat laboratoriya oldu. AXCP-ni daha pis günlər gözləyir. Əli Kərimlinin vətənə, cəbhəçilərə sevgisi olsaydı, bu addımı atmazdı. O, Elçibəy, Nəcəf Nəcəfli və başqalarının qarşısında günahını yumalı idi. Deməli idi ki, əziz cəbhəçilər, sədrliyim sizə uğur gətirmədi, mən gedirəm. Bu insan vətəni, torpağı, milləti, cəbhəçiləri bir kresloya qurban verdi. Nə cəbhəçilər, nə Allah, nə də xalq onu heç vaxt bağışlamayacaq. Sahib Kərimlini dəstəkləyirəm. Bütün qurultay üzvlərini ona səs verməyə çağırıram. Onunla xüsusi münasibətim yoxdur. Soyuq münasibətlərimiz davam edir. İnsan haqlıdırsa, AXCP-ni diktatorun əlindən xilas etmək istəyirsə, buna dəstək olmamaq, ən azından nadanlıq olar”.

Sabiq şöbə müdiri S.Kərimlinin qələbə şanslarından da söz açdı: “Hər kəs mənim kimi düşünsə, onun qələbəsi 100 faiz olar. AXCP nizamnamə ilə yox, bir qrup insanın fanatikliyi ilə idarə olunur. Dünənə qədər Sahiblə çiyin-çiyinə gedənlər bu gün onu satqın çıxaracaqlar. Ona görə ki, Əli Kərimliyə rəqib olub. Üzdə fanatizm görünsə də, pərdə arxasında Əli Kərimliyə dəstək olanların dolanışıq vəziyyətləri ortaya çıxır. Dəvə kinli olar. Əgər dəvə yer üzünə gələndə bilsəydi ki, Əli Kərimli kimi bir kinlisi var, bu dünyaya heç gəlməzdi. Sahib Kərimli seçilməsə, “zombi”lər tərəfindən küçə söyüşləri ilə təhqir olunacaq. Ona partiyada Əli Kərimli heç vaxt yüksək post verməyəcək. Hətta Sahib sıravi üzv qalsa, bu onun qələbəsi olacaq. Əli Kərimlinin xislətini uzun illər görmüşəm. Onun bir məqsədi var. Kim məni tərifləmirsə, düşmənimdir. Kim buna qarşı demokratiya, haqq savaşı açıbsa, dərhal “zombi”lərinə xəbər verir ki, bu şəxs hökumətə işləyir. Adama deyərlər ki, Sahib parlamentdə oturmayıb. Eldar Namazov Heydər Əliyevin köməkçisi olanda, Əli Kərimli ilə hər axşam çörək yeyirdilər. Sahib belə bir şəxslə oturmayıb. Onun atası rəhmətə gedəndə Şəkiyə getdim. Deyərdim ki, ondan çətin yaşayan adam kənddə tapılmaz. Gözümlə gördüyümü deyirəm. O, uşaqlarını məktəbə göndərməyə çətinlik çəkir, amma Əli Kərimlinin oğlu Londonda böyük iqamətgahın sahibidir. Kərimlinin paltosunun qiyməti Sahib Kərimlinin mülkünə bərabərdir. Bunların hamısı qara, çirkli pullardır. Zaman-zaman hakimiyyətlə əlbir olub, 10 il hakimiyyətlə işbirliyində olub, indi özünü doğruya çıxarmağa çalışır. Əgər səsvermə qapalı olsa, Sahib Kərimlinin səsi yetərincə olacaq. Amma buna “zombi”lər imkan verməyəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net