Zəlzələdən sonra yaranmış xırda təkanlar gələn aya qədər davam edəcək
Tarix: 21-09-2015, 12:44 |
Çap et
Şəkidə baş vermiş zəlzələdən sonra başlayan xırda təkanlar oktyabrın ortalarına qədər davam edə bilər.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, zəlzələlərdən sonra xırda təkanların baş verməsi qaçılmazıdr. Oğuz-Şəki ərazisinin ümumiyyətlə tektonik zona olduğunu vurğulayan Q.Yetirmişli qeyd edib ki, sözügedən bölgədə hələ enerji boşalması tam başa çatmayıb: “Oğuz-Şəki bölgəsində tektonik proseslər getsə də əsas odur ki, enerji boşalmaları birdən-birə deyil, tədricən baş verir. 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələ zamanı da tektonik proseslər, yəni enerji boşalmaları gedirdi. O vaxt enerji boşalmaları hətta bundan da uzun çəkdi. Sevindirici hal odur ki, əsas proses yekunlaşıb”.
Qeyd edək ki, sentyabrın 4-də episentri Şəki olmaqla bir sıra rayonlarda 7 bala yaxın zəlzələ baş verib. Ölüm halları baş verməsə də, vətəndaşlara maddi ziyan dəyib.