"Direktordan da böyük vəzifəni icra edirəm"
Tarix: 17-09-2015, 11:42 |
Çap et
Müğənni Nadir Qafarzadə Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət Sarayının direktoru vəzifəsinə təyin olunması ilə bağlı xəbərlərin yalan olmasına münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Xeyrə qarşı” verilişində bunları deyib:
“Mən yalan danışanları sevmirəm. Olmayan nəyisə piar xatirinə etmərəm. İş üçün özüm müraciət etmişdim. Dedim Mədəniyyət Sarayında adi işçi kimi adım getsin, gələcəqdə pensiya üçün lazım olacaq. Dedilər ki, direktor vəzifəsi boşdur, ora gəlin. Əvvəlcə imtina etdim ki, məsuliyyətlidir, hər gün gedib-gələ bilmərəm. İsrar etdilər, razılaşdım. Sənədlərimi verdim, maaş kartını isə götürmədim. Dedim ki, “Qoyun yığılsın, sonda Qobuda yaşayan aztəminatlı bir ailəyə kömək edəcəm”. Onu da mənə çox gördülər. Mən direktor olmasam da olar. Əsas odur ki, xalqım məni sevir. Direktordan da böyük vəzifəni icra edirəm - xalqın sevimlisi”.
Qeyd edək ki, bir müddət əvvəl N.Qafarzadə Qobu qəsəbəsinin Mədəniyyət Sarayının direktoru olması ilə bağlı xəbər yaymışdı. Daha sonra sarayın Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov məlumatın yalan olduğunu bildirmişdi.