Elmira Axundovanın, yoxsa YAP-ın ikibaşlı oyunu
Tarix: 16-09-2015, 16:04 |
Çap et
Yeni Azərbaycan Partiyasının namizədlər siyahısının açıqlanması 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı bir sıra suallara aydınlıq gətirdi.
Xatırladaq ki, YAP 2015-ci il parlament seçkilərində 117 dairədən namizəd irəli sürüb. İrəli sürülən namizədlər və dairələrin seçilməsinin analizi bitərəf kimi və digər siyasi partiyaların təmsilçisi kimi parlamentə düşəcək şəxslərin dairəsini də müəyyənləşdirməyə imkan verir. YAP 2010-cu il seçkilərində 72 mandata sahib olmuşdu. Bu dəfəki seçkilərdə də YAP-ın elə bu rəqəm ətrafında mandat alacağını təxmin edə bilərik. YAP-ın bir çox namizədləri isə sadəcə olaraq statist rolunda çıxış edəcək. Artıq bu cür namizədlər barədə məlumatlar gəlməkdə davam edir. YAP-ın formal olaraq namizəd irəli sürdüyü dairələrdən biri də 71 saylı Masallı kənd seçki dairəsidir.
Çox maraqlıdır ki, YAP-ın siyahısında yer alan Novruzov Raqif Qafar oğlu hazırda bu dairəni təmsil edən Elmira Axundovanın köməkçisinin qardaşıdır. Görünür, Elmira Axundovanın qorxusu və təkidləri heç olmasa impovizasiya üçün imkan verməyib.
Son vaxtlar xanım deputat yalnız oğlu ilə bağlı korrupsiya qalmaqalları ilə gündəmə gəlmişdi və az da olsa rəqabət mühitindən çəkinir.
2005, 2010-cu il parlament seçkilərində parlamentə düşməyi bacaran deputat üçün 71 saylı dairədə bu cür əcaib kombinasiyaya imza atmaq çox qəribə görünür. Çox maraqlıdır ki, YAP-da bu cür ərkəsöyünlüyə, az da olsa rəqabət mühitindən çəkinən xanım deputatın kaprizinə dözümlü yanaşıb. Artıq stajlı deputatlar sırasında olan E.Axunodvanın formal da olsa belə rəqabətdən çəkinməsi özündə çox şeyi deyir və suallar yaradır.
Məgər xanım deputat ötən 10 ildə 71 saylı dairədə o qədər möhkəmlənə, dəstək ala bilməyibmi ki, formal rəqabət mühiti yarada biləcək namizədlərin olmasından belə çəkinir? Əslində ritorik sualdır və 71 saylı dairədə köməkçisinin qardaşının YAP-dan namizəd irəli sürülməsinə nail olmaqla özü bu suala cavab verib.(mia.az)