Azərbaycana axacaq xarici pullar
Tarix: 16-09-2015, 14:50 | Çap et
Azərbaycana axacaq xarici pullar
Bu gün Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman forumda iştirak ediblər.

ANS PRESS-in məlumatına görə Çexiya Prezidentinin Azərbaycana səfəri çərçivəsində müzakirə olunan məsələlərdən biri də Çex banklarının Azərbaycanda layihələrə vəsait ayırması məsələsi olub. Bu barədə Prezidenti İlham Əliyev məlumat verib.

“Çex banklarının Azərbaycanda müvafiq layihələrinin icrasına böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq. Çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq və əlbəttə ki, biz əldə edilmiş nəticələri yüksək qiymətləndiririk”.

İlham Əliyev həmçinin “Qarşılıqlı investisiyaların qoyuluşu məsələlərin də əhəmiyyət kəsb etdiyini deyir. Onun sözlərinə görə , həm Çex Respublikası, həm də Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir.

“ Xarici sərmayələr yüksək səviyyədə qorunur. Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha da yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilmişdir. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm ki, gələcək illərdə iqtisadi sahədə daha da uğurlu nəticələr olacaqdır. Bu gün artıq deyə bilərəm ki, ticarət dövriyyəsinin səviyyəsi müəyyən dərəcədə bizi qane edə bilər.”

Energetika sektorunda əməkdaşlığa toxunan dövlət başçısı qeyd edib ki, Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni – təxminən 30 faizi təşkil edir. Bu da çox önəmli hadisədir.

hazırda “Cənub” qaz dəhlizinin icrasının həyata keçirildiyini qeyd edən İlham Əliyev dünyada neftin qiymətinin son aylar kəskin şəkildə aşağı düşməsinə baxmayaraq bu layihənin reallaşmasında heç bir yubanma olmadığını və bütün işlər vaxtında görüldüyünü qeyd etdi.

Dövlət başçısının çıxışından da aydın görünür ki, hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycanın gəlirləri əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Bu müəyyən layihələrin icra olunmasına mane olmasa da ,bir çox sahələrdə qənaətlərin olacağını göstərir. Gələn ilin dövlət büdcəsi layihəsindən də bunu aydın görmək olar.

Ona görə də artıq Azərbaycan ölkənin iqtisadi inkişafının stabil qalması və inkişaf templərinin zəifləməməsi üçün xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsini genişləndirmək istəyir. Buna görə də Çexiyanın timsalında bir çox xarici ölkələr Azərbaycanda iri layihlərə investisiya qoymağa dəvət olunur. Eyni zamanda iqtisadi geriləmənin qarşısını almaq üçün ölkəyə iri məbləğdə maliyyə resursları cəlb edilməyə başlayıb.

Bank sahəsi üzrə ekspert Cavid Kərimovun sözlərinə görə xaricdən cəlb olunan vəsaitlər ölkədə ayrı-ayrı sahələrin inkişafına yönəldilməlidir.
“Xaricdən cəlb edilən maliyyə resursları Azərbaycanda əsasən kiçik və orta sahibkarlığın inkişafına, infrastruktur layihələrinin icrasına , ölkənin ixrac potensialının artırılmasına , iri korporativ biznesin təkmilləşdirilməsinə sərf olunmalıdır.”
Ekspert onu da əlavə etdi ki, Azərbaycan xaricdən maliyyə resurslarını cəlb etməkdə maraqlı olduğu kimi, bu vəsaitləri ölkəmizə yatırmaq istəyən Avropa dövlətləri də az deyil. Buna səbəb hazırda Avropa Mərkəzi Bankının həyata keçirdiyi yumşaq pul siyasətidir.

“Avropa Mərkəzi Bankı çox aşağı faizlərlə maliyyə vəsaiti ayırır ki, ölkələrin iqtisadi inkişafı ləngiməsin, daxili tələbat zəifləməsin. Buna görə də bir çox Avropa ölkələrinin iri bankları əllərində olan əlavə vəsaitləri daha dayanıqlı ölklərin iqtisadiyyatına yatırsınlar.”

Hazırda bir çox beynəlxalq reytinq agentlikləri Qlobal iqtisadi böhran o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda Azərbaycanla bağlı proqnozlarını sabit saxlayıblar. Bu da öz növbəsində xarici ölkə banklarını öz vəsaitlərin Azərbaycana yatırmağa cəlb edir.

Təsadüfi deyil ki, Çexiya Prezidenti Miloş Zeman da öz növbəsində Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istədiklərini bəyan etdi. O, eyni zamanda Azərbaycanlı iş adamarını Çex Respublikasına da sərmayələri qoymağa dəvət etdi.

“ Ölkəmizdə mehmanxanalar və kurortlar, investisiya baxımından digər münasib məkanlar var. Tam əmin ola bilərsiniz ki, Çexiyada qoyulmuş maliyyə sərmayələri özünü doğruldacaq. Çex Respublikası bu baxımdan Mərkəzi Avropada kifayət qədər təhlükəsiz yerdir. “

Rəsmi məlumata əsasən Çexiya Azərbaycana 1 milyard dollardan çox investisiya yatırıb. Hazırda Azərbaycanda reallaşdırılan 6 iri layihə Çexiya şirkətləri tərəfindən maliyyələşdirilir. Onların ümumi həcmi təqribən 2 milyard dollar təşkil edir.2014-cü ilin yekunları üzrə iki ölkə arasında ikitərəfli əmtəə dövriyyəsi 1,5 milyard avroya çatıb.

Amma bunlarla yanaşı beynəlxalq ekspertlər hesab edirlər ki, əgər dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşərsə, bu itər-istəməz reytinqlərə təsir edəcək. Ona görə də ölkənin maliyyə dayanıqlığını artırmaq və makro iqtisadi göstəriciləri stabil qoruyub saxamaq əsas şərtlərdən biridir.

Xüsusilə hazırda vəziyyətinin heç də yaxşı olmadığı bank sektorunun dirçəldilməsi üçün bir sıra addımlar atılmalıdır. Çünki hazırda Azərbaycan banklarında əmanətlərin strukturunda xarici valyutanın həcminin artması bank sektorunun nisbətən zəifləməsinə səbəb olub.

Bunu Maliyyə naziri Samir Şərifov İyulun 14-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə çıxış edərkən də qeyd etmişdi. Onun sözlərinə görə, mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub.

“Ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır”.-deyə nazir əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net