Mənsimov daha iki tanker inşa etdirib Bilal Ərdoğana verdi
Tarix: 16-09-2015, 14:43 |
Çap et
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın ailə üzvlərinə məxsus “BMZ Group Deniziçilik” şirkəti azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupunun sifarişi ilə inşa edilən daha iki tankeri alıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın oğlu Bilal Ərdoğana, yeznəsi Ziya İlgenə və qardaşı Mustafa Ərdoğana məxsus olan şirkət “YARDIMC 81” və “TURKTER 82” adlı tankerləri sentyabrın 15-də “səssiz-səmirsiz” suya endirib.
Tankerlər “Albaraka Türk Bankı”nın ayırdığı 180 milyon dollarlıq kredit hesabına “Palmali Group”un sifarişi ilə Türkter və Yardımçı tərsanələrində inşa edilib.
Bu sövdələşmə çərçivəsində “ARMADA” tipli 10 tankerin inşası nəzərdə tutulur. İndiyədək “BMZ Group” şirkətinə üç belə tanker verilmişdi. “YARDIMC 81” tankerinin dünən, digər tankerin isə iki həftə əvvəl istismara verildiyi bildirilir.
Hər biri 18 milyon dollara başa gələn tankerlərin oktyabrın sonlarında “BMZ Group” şirkətinin Maltada qurduğu “OİL TRANSPORTATİON & SHİPPİNG” offşor şirkətinə təhvil veriləcəyi məlum olub.
Tankerlər Bilal Ərdoğanın və qohumlarının mülkiyyətində olsa da “time charter” (müvəqqəti kirayələmə) müqaviləsi əsasında neft və neft məhsullarının daşınması üçün “Palmali Group” şirkətinə icarəyə veriləcək. Bundan əvvəlki tankerlər də eyni sxemlə istismara verilmişdi.
Türk mətbuatı azərbaycanlı oliqarx Mənsimovla Türkiyənin hakim ailəsinə məxsus şirkət arasında ortaq gəmiçilik biznesi barədə bundan əvvəl də dəfələrlə yazıb.