“İsrafil İsrafilov teatra “problemlər repertuarı” gətirib"
Tarix: 16-09-2015, 13:28 |
Çap et
“İndiki halda qısaca olaraq bunu deyə bilərəm ki, İsrafil İsrafilov teatra direktor təyin edildikdən sonra orada tənəzzül başlayıb. Söhbət təkcə mənim pyeslərimə quruluş verilib-verilməməsindən, əsərin repertuardan çıxarılıb-çıxarılmamasından getmir. Bu adam gələndən sonra orada rejissorluq institutu ləğv edildi, aktyorlar arasında nifaq və dedi-qodular yarandı, teatr yaradıcılıq ocağından daha çox “raykom”un amirlik təbliğ edən strukturuna çevrilməyə başladı. Bir sözlə, İsrafilov özü ilə teatra “problemlər repertuarı” gətirdi. Bunu yalnız “mədəniyyətin soyqırımı” adlandırmaq olar”.
Bunu Modern.az saytına dramaturq Firuz Mustafa Akademik Milli Dram Teatrında (“Azdrama”) baş verənlər və direktorla bağlı münasibət bildirərkən qeyd edib.
İsrafil İsrafilov Akademik Milli Dram Teatrının rəhbəri olandan sonra ondan narazı qalanlar sırasında dramaturqlar da yer alırdı. Baş rejissor vəzifəsinə ehtiyac görməyən direktor repertuarı da özü müəyyənləşdirirdi. Bu səbəbdən də bir çox yerli dramaturqun əsəri repertuardan çıxarıldı, yaxud təqdim edilən əsərlər qəbul olunmadı. Bu da o zaman başqa bir narazılığa səbəb oldu. Artıq teatrda baş rejissor -bədii rəhbər vəzifəsi yenidən bərpa edilib və Azərpaşa Nemətov bu vəzifəyə gətirilib.
Dramaturq Firuz Mustafa da teatrın hazırkı və bundan sonrakı vəziyyəti haqqında danışıb:
“Burada sanki bir qısqanclıq, hətta qisasçılıq sindromu boy verməkdədir. Yeni təyinata gəldikdə, orada gələcək vəziyyətin necə olacağını gələcək zamanın özü və ortaya qoyulacaq tamaşaların səviyyəsi göstərəcək”.