Qış vaxtına keçən metroda yay vaxtı niyə qalır? - AÇIQLAMA
Tarix: 16-09-2015, 12:43 |
Çap et
Yeni tədris ilinin başlaması ilə ictimai nəqliyyat həddindən artıq yüklənib. Məsələ burasındadır ki, sərnişin sıxlığı müşahidə edilən Bakı Metropoliteninin qış qrafikinə keçməsi də bir işə yaramayıb.
Sentyabrın 15-dən metropolitendə qış qrafikinə keçidlə əlaqədar xəttə 30 cüt qatar buraxılıb. İntervallar isə 1,5-2,5 dəqiqə olaraq azaldılıb. Amma bir çox hallarda qatarların hərəkəti intervala uyğun olmur. 3-4, hətta 5-6 dəqiqəlik gecikmələr onsuz da əsəbləri tarıma çəkilən sərnişinləri hövsələdən çıxarır. Pik saatlarda isə ən azı 4-5 qatarı ötürmədən mənzil başına çatmaq mümkün deyil.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı Modern.az saytına deyib ki, bu, çox az hallarda baş verə bilər:
“28 May”-“Dərnəgül” arası interval onsuz da 4-5 dəqiqədir. Buna səbəb isə “28 May” stansiyasında xəttin kəsişməsidir”.
Metropoliten rəsmisi bildirib ki, nasazlıq olub, hansısa qatar xətdən çıxmayınca, qatarın 4-5 dəqiqə gecikməsi mümkün deyil: “Çünki qatarlar hər iki dəqiqədən bir “Həzi Aslanov” stansiyasından hərəkət edir”.