100 dollarlıq dərmanı 250 manata satmaq dövrü bitdi
Tarix: 15-09-2015, 18:09 | Çap et
100 dollarlıq dərmanı 250 manata satmaq dövrü bitdi
Səhiyyə Nazirliyi bu gündən apteklərdə reydlərə başlayıb. Yoxlamalarda İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları da iştirak edəcək.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib.

P.Əzizbəyov dedi ki, hər iki qurum dərmanların vahid qiymətə satılmasına nəzarət edəcək: “Ölkədəki bütün apteklərdə nəzarət tədbirləri həyata keçiriləcək. Qiyməti təsdiqlənmiş dərman vasitələrinə nəzarət gücləndiriləcək”.

Qeyd edək ki, qiymətlər hər iki nazirliyin rəsmi saytlarında, o cümlədən mətbuatda dərc edilib. Bundan əlavə, aptek rəhbərlərinə bildirişlər göndərilib.

Virtualaz.org saytının əməkdaşları dərmanların təsdiqlənmiş qiymətlərə satılıb-satılmadığını öyrənmək üçün apteklərə baş çəkiblər.

Metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən “Zəfəran” aptekində yeni qiymətlər tətbiq edilir.

Aptek satıcılarının sözlərinə görə, yeni qiymətlər dərmanların qutularının üzərində əks olunub: “Bizə təqdim olunmuş qiymət əsasında satırıq. Aptek qiymət təyin etmir”.

Yaxınlıqda yerləşən digər aptekdə də qiymətlər dəyişib. Aptekin satıcısı Leyla Məmmədova siyahıda göstərilən bir çox dərmanların satışda olmadığını dedi: “Qiymətlərin dəyişməsi alqı-satqıya təsir etməyib. Bu gün satış əvvəlki günlərdən fərqli deyil. Əslində həftənin ilk iş günü alver zəif olur. Alıcıların əksəriyyəti yeni qiymətlərdən xəbərdardır”.

Metronun “Neftçilər” stansiyası yaxınlığında 5 aptek fəaliyyət göstərir. Apteklərə yeni qiymətlərlə bağlı bildirişlər təqdim olunub. Satıcılar qiymətlərin qablaşdırmanın üzərində qeyd olunduğunu bildirdilər.

Adının açıqlanmasını istəməyən aptek sahibinin sözlərinə görə, qiymətlərin dəyişməsi onlara sərf edəcək: “Məsələn, sonsuzluğun müalicəsində istifadə edilən dərman satılırdı. Xaricdən 100 dollara alınan bu dərman yalnız bir apteklər şəbəkəsində 250 manata satışa çıxarılırdı. Biz həmin dərmanları ucuz satmaq istəyəndə isə narazılıqlar yaranırdı. Digər firma hepatitin müalicəsində istifadə edilən dərmanları 3 dəfə baha satışa verirdi. Elə dərmanlar var ki, Hindistandan 2 dollara alındığı halda Azərbaycanda 14 manata satışa çıxarılır. Firmalar öz nəzarətində olan apteklərə dərmanları ucuz, digər apteklərə baha satırdı. Nəticədə müştərilər firmaların aptekinə gedirdi. Dərmanların tənzimlənməsi ilə bu fərq aradan qalxandan sonra isə firma həkim işbirliyi də tədricən aradan qalxacaq. Müştəri yalnız ona yüksək xidmət təklif edən aptekə üstünlük verəcək”.

Onu da xatırladaq ki, dərman qıtlığı yaratmaqla süni qiymət artımına çalışan aptek və ya firma sahibinə qarşı cəza tədbirləri həyata keçiriləcək.

Səhiyyə Nazirliyi də əhaliyə müraciət edərək dərmanlarla bağlı yaranmış problemə görə nazirliyin “qaynar xətt” xidmətinə zəng vurmalarını tövsiyə edir.

Qeyd edək ki, Azərbaycana əsasən Hindistan, Rusiya, Ukrayna, Çin, Türkiyə, ABŞ, Polşadan dərmanlar idxal olunur.

Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında imzalanan razılaşmaya əsasən, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət ediləcək.

Yeni nəzarət sistemi ilə alıcıların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsi mümkün olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net