Gürcüstanda azərbaycanlılar aksiya keçirdi
Tarix: 15-09-2015, 17:28 |
Çap et
Bu gün Gürcüstanın Qardabani rayonu Qaracalar kəndinin bir qrup azərbaycanlı sakini, ölkənin Baş prokurorluğunun binası qarşısında aksiya keçirib.
ANS PRESS-in məlumatına görə, aksiya iştirakçıları, kənd sakini Zakir İsayevin külli miqdarda pulunun bir gürcü polisi tərəfindən dələduzluq yolu ilə mənimsənilməsinə etiraz ediblər. Zərərçəkən ailə deyir ki, Bolnisi rayon polis idarəsində çalışan Raman Qibradze adlı şəxs ailəyə yük avtomaşını almaq adı ilə onlardan 30 min dollar alıb. Polis əməkdaşının əsl niyyəti üzə çıxdıqdan sonra pulunu tələb edən ailə buna nail ola bilməyəcəklərini gördükdə hüquq mühafizə orqanlarına üz tutmaq məcburiyyətində qalıb.
Zərəçəkən Məlahət Mehdiyeva ANS PRESS-ə bildirib ki, bu faktla bağlı 9 aydır prokurorluğa müraciət etsələr də bu vaxtadək heç bir nəticə yoxdur, Gürcüstan məmurları işə baxmır. Zərərçəkən bu səbəbdən də küçələrə çıxdıqlarını deyib. Amma aksiyadan bir neçə dəqiqə sonra ailənin üzvləri baş prokurorluq tərəfindən qəbul edilib. Qəbul zamanı ölkənin əsas hüquq-mühafizə orqanında deyilənlər isə zərərçəkənləri sakitləşdirib. Onlara söz verilib ki, bu gündən etibarən şikayətlərinə baxılacaq, günahkar cəzalandırılacaq və iş araşdırılması üçün Tiflis şəhər prokurorluğuna göndəriləcək.