Məktəbləri zəlzələdə dağılan 300 oğuzlu şagird dərsə gedə bilmədi
Tarix: 15-09-2015, 10:46 | Çap et
Məktəbləri zəlzələdə dağılan 300 oğuzlu şagird dərsə gedə bilmədi
Zəlzələdən sonra Oğuzda da vəziyyət nəzarətdədir. Amma rayonun kəndlərinin birində məktəb qəzalı vəziyyətə düşüb. Şagirdlər dərsə gedə bilmir.

Bəs uşaqlar təhsilini harada davam etdirəcək?

Ölkənin şimal-qərb bölgəsində baş verən, Şəkidən sonra Oğuzda da ciddi fəsadlara səbəb olan zəlzələ bu rayonda təhsil müəssisələrinə daha çox ziyan vurub.

Zəlzələ ocağına yaxın rayonun Astraxanovka kəndində məktəb binası yeraltı təkanların gücündən ciddi şəkildə zədələnib. Padar kənd məktəbində 300 şagirdin təhsil aldığı təhsil ocağı isə tam qəzalı vəziyyətə düşüb.

Bu məktəb kənddə yeganə təhsil ocağı olduğundan sakinlər uşaqlarını təhsilini davam etdirmək üçün hara üz tutacaqlarından narahatdırlar.

Məktəbin mövcud vəziyyətində uşaqları bu binaya göndərməkdən imtina edən sakinlər, uşaqların təhsildən yayınmaması üçün yaranmış mövcud vəziyyətlə bağlı aidiyyəti qurumların bu məsələyə dərhal müdaxiləsini istəyir.

“Mənim nəvəm də bu məktəbdə təhsil alır, özü də əlaçıdır. Məktəb zəlzələdən sonra bərbad vəziyyətə düşüb. Hazırda məktəb şəhid Arzu Əliyevin adını daşıyır. Bütün orqanlardan xahış edirəm ki, problem tez bir zamanda aradan qaldırılsın” - deyə şikayətçi Rasim Rüstəmov ANS TV-yə bidirib.

Məktəb direktoru təbii fəlakət baş verəndən sonra təhsil müəssisəsinin mövcud vəziyyətinə rayon Fövqəladə Hallar Komissiyasının baxış keçirdiyini dedi.

“Qəti surətdə bizə bildirdilər ki, binaya girmək qəti qadağandır. Nə texniki, nə də müəllim heyəti binaya girə bilməz. Odur ki, binaya heç kimi girməyə qoymuruq. Biz çıxılmaz vəziyyətdəyik. Dərsləri harada keçəcəyik - bilmirik” - deyə məktəb direktoru Əntiqə Tahirova söyləyib.

Rayon təhsil şöbəsinin müdiri bildirdi ki, şəhidin adını daşıyan və bir əsrdən çox yaşı olan bu məktəbin mövcud vəziyyəti ilə bağlı burada təhsilin davam etdirilməsi FHN-in xüsusi komissiyasıının verdiyi rəyə qədər mümkünsüz hesab olunub.

Şöbə müdiri yaxınlıqda digər təhsil müəssisəsi olmadığından müvəqqəti olaraq şagirdlərin təhsildən yayınmaaması üçün dərslərin kənd xəstəxanasının binası və kənddəki digər tikilidə davam etdirilməsinin nəzərdə tutulduğunu dedi.

Qeyd edək ki, həmin məktəbdə kənd seçki məntəqəsi fəaliyyət göstərdiyindən binanın qəzalı vəziyyətə düşməsi nəticəsində məntəqənin digər əraziyə köçürülməsi barədə də MSK qarşısında məsələ qaldırılıb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net