Azərbaycanın büdcəsi niyə azaldı?
Tarix: 15-09-2015, 10:36 |
Çap et
2016-cı ildə icmal büdcənin gəlirləri 16.7 milyard manat, xərcləri isə 19.9 milyard manata qədər azalıb. Maliyyə Nazirliyinin açıqladığı büdcə təqdimatına əsasən, 2015-ci ilə nisbətən gəlirlərdə 3.9 milyard (19.3 faiz), xərclərdə isə 6 milyard manat (23.2 faiz) azalma var.
Büdcədə neftin qiyməti 50 dollardan hesablandı
Vertikal.az “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, icmal büdcənin gəlirlər strukturuna gəlincə (16 720.1 milyon manat) aşağıdakı kimidir:
- Dövlət büdcəsinin gəlirləri 14 566 milyon manat
- Naxçıvan MR-nın büdcəsinin gəlirləri - 351.4 milyon manat
- Dövlət Neft Fondunun gəlirləri- 6 711.6 milyon manat
- Dövlət Sosial Müdafiə Fondu - 3 078.6 milyon manat
İcmal büdcənin xərclər strukturu isə (19 906.5 milyon manat) belədir:
- Dövlət büdcəsinin xərcləri- 16 264 milyon manat
- Naxçıvan MR-nin büdcəsinin xərcləri - 351.4 milyon manat
- Dövlət Neft Fondunun xərcləri - 8 200 milyon manat
- Dövlət Sosial Müdafiə Fondunun xərci - 3 078.6 milyon manat
2016-cı ilin dövlət və icmal büdcələri gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 bareli üçün 50 dollar götürülüb.
Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablamaları üçün manatın ABŞ dollarına məzənnəsi 1.05 manat qəbul edilib.
Dövlət büdcəsi 25 faiz azaldı
Neftin qiymətinin kəskin ucuzlaşmasının dövlət büdcəsinin göstəricilərində mənfi təsiri açıq hiss edilir. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri cari ilin büdcə proqnozu ilə müqayisədə 4.8 milyard manat və ya 25.1 faiz azalıb.
Xərclərin isə 2015-ci ilin proqnoz göstəricisinə nisbətən 4.8 milyard manat və ya 22.9 faiz az icra olunacağı gözlənilir.
Gələn ilin büdcə kəsiri isə 1.6 milyard manat olması proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirlər hissəsində ən əhəmiyyətli azalma Dövlət Neft Fondundan transfertlərində və Vergilər Nazirliyinin yığımlarında müşahidə edilir. Belə ki, gələn il Vergilər Nazirliyinin xətti ilə vergi daxilolmalarının 6.6 milyard manat təşkil edəcəyi gözlənilir ki, bu da cari illə müqayisədə 510 milyon manat (7.2 faiz) azdır.
Dövlət Neft Fondundan büdcəyə transfertlər 6 milyard manat olacağı gözlənilir ki, bu da cari ilin proqnoz göstəricilərinə nisbətən 4.3 milyard manat və ya 42.2 faiz azdır.
Dövlət Gömrük Komitəsindən daxilolmalarında isə dəyişiklik yoxdur - 1.6 milyard manat.
2016-cı il üzrə qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 46.5 faiz proqnozlaşdırılır (11.8 faiz bənd çox).
İnvestisiya, sosial müdafiə xərcləri kəskin azalacaq, idman və mədəniyyət xərcləri isə 2 dəfə artacaq
Dövlət büdcəsinin xərclər hissəsində hökumət neftin satış qiymətinin 40-50 dollar səviyyəsində olacağı ehtimalını xüsusi nəzərə alıb. Maliyyə Nazirliyinin sənədində qeyd edilir ki, 2016-cı ilin büdcəsinin xərcləri investisiya və sosialyönlü büdcədən daha çox sosialyönlü büdcəyə çevrilib. Gələn ilin büdcə xərclərinin strukturu isə aşağıdakı kimidir:
Yeri gəlmişkən büdcə sənədindən məlum olur ki, 2015-ci ilin investisiya xərclərinin 2.9 milyard manatı icra edilməyəcək. Belə ki, cari ilin proqnozunda dövlətin əsaslı vəsait qoyuluşu 6.9 milyard manat göstərilsə də, Maliyyə Nazirliyinin cari il üçün gözlənilən büdcə icrasında bu rəqəm 4.2 milyard manata qədər enib. Deməli, bu il hökumət xərclərdə əsas ixtisarları məhz bu istiqamətdə aparacaq. Sənədə əsasən, ümumilikdə, bu il büdcə xərclərinin icrasında 3.4 milyard manat ixtisar olacağı gözlənilir.
Xatırladaq ki, 2016-ci ildə əsaslı vəsait qoyuluşunun dövlət büdcəsində çəkisi 29.7 faiz təşkil edəcək. Həmin vəsaitin müəyyən hissəsi Cənub Qaz Dəhlizi layihəsində iştirak payının maliyyələşdirilməsinə, dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən investisiya layihələrinin və orada Azərbaycan tərəfinin maliyyələşdirdiyi öhdəliklərin ödənilməsinə yönəldiləcəkdir.
Bundan əlavə;
"Aqrolizinq" ASC-yə 32 mln. manat,
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 milyon,
İpoteka Fonduna 50 milyon manat,
Prezidentin Ehtiyat Fonduna 385 mln. manat,
"Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun xərcləri 290 milyon manat
Bələdiyyələrə 5.2 milyon manat vəsait ayrılması gözlənilir.
Dövlət büdcəsi kəsirinin (1.6 milyard) maliyyələşdirilməsi isə özəlləşdirmədən, daxili və xarici borclanmalardan daxil olmalar, xarici qrantlar və 2016-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilməsi planlaşdırılır. Gələn ilin büdcə kəsirinin ÜDM-ə nisbəti 2.9 faiz təşkil edəcəkdir.
Hökumət Naxçıvanın pulunu kəsdi
İcmal büdcəyə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirlər cari illə müqayisədə 3.5 milyard manat və 34.5 faiz az olması proqnozlaşdırılır. Xərcləri isə 2015-ci illə müqayisədə 4.1 milyard manat və ya 33.4 faiz az olacaq.
Dövlət Neft Fondunun 6 milyard manatı və ya 73.1 faizi dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2.1 milyardı infrastruktur layihələrinin maliyyələşdirilməsinə, 50 milyonu Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil proqramına yönəldiləcək.
İcmal büdcənin digər tərkib hissəsi olan Naxçıvan MR-na dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 15.4 mln. manat və yaxud 5.2 faiz azalıb.