Moldova payızı: “qırmızılar” neoliberallara qarşı...
Tarix: 9-09-2015, 18:11 | Çap et
Moldova payızı: “qırmızılar” neoliberallara qarşı...
Kütləvi etirazlar növbəsi gəlib yenə Moldovaya çatdı. Niyə “yenə”? Ona görə ki, son 5 ildə bu ssenari Moldovada üçüncü dəfə təkrarlanır.

2010-cu ildəki etirazlar əsl kütlə Qiyamı idi - qəddar, xaotik, proqramsız. O vaxt parlament binasını oda verənlər kommunist prezident Voroninə qarşı çıxmışdılar. Marksı və Lenini çoxdan unutmuş “qırmızı kapitalist” Voronini devirmək istəyənlər əfəl xəyalpərəstliklərinin bədəlini çox tez ödədilər - artıq 3 il sonra onlar “kommunist”i əvəzləyən neoliberallara qarşı etiraza qalxmışdılar.

İndi də Moldovada hakimiyyətdə neoliberallardır. Onların qısa zaman kəsimindəki hakimiyyəti əvvəllər ağıllara gəlməyən korrupsiya, işsizlik, sosial siyasətin məhvi və maksimum mühacirətlə müşayiət olunur. Hakimiyyət oliqarxların əlində cəmləşib.

Parlamentin seçdiyi prezident (Moldovada prezidenti xalq seçmir, parlament təyin edir) ilk addımlardan biri kimi hətta rəsmi dilin adını dəyişib “rumın dili” edib - sanki moldovanlar və onların dili fiksiyadır. Ailələr Avropada və Rusiyada çalışanların göndərdikləri pul köçürmələri ilə mövcudluq keçirir.

Üstəlik də “Əsrin oğurluğu” - 3 bankdan 1 milyard dollar ölkədən çıxarılaraq Avropa hesablarına qoyulub. Əlbəttə, bu məbləğ Moldova üçün fantastikdir - bu, dövlət büdcəsinin 15 faizi deməkdir.

Beləliklə, etirazlar üçün bütün şərtlər var. Qalırdı “kritik kütlə” - artıq o da formalaşdı. Nəticədə sentyabrın 6-da Kişinyovun mərkəzi meydanına 100 min adam çıxdı - bu da rekorddur. Onlar eyni vaxtda həm prezidentin, həm baş nazirin, həm də parlament spikerinin istefasını, əlavə olaraq da oliqarxların hakimiyyət təknəsindən ekənarlaşdırılmasını tələb edirlər. Bir sözlə, proqram-maksimum.

Əks tərəf baş verənlərin qarşısını almaq üçün mitinqdən 1 saat əvvələ rus və moldovan estrada artistlərinin konsertini təyin etmişdi. Yəni çörək olmasa da tamaşa var. Ancaq artistlərin çoxu çıxış təklifini rədd etdi, Filiipp Kirkorovun ifasına isə vur-tut bir neçə yüz kişinyovlu toplaşdı. Etirazçıların sayı ilə müqayisədə bu, dənizdə damladır.

Habelə hakimiyyət polittexnoloqlarının fiaskosu göstərir: şou taktikası daha işləmir. Görünür, son 5 ildə 3 dəfə hökumətə qarşı çıxan moldovanlarda hiss və emosiyalar tədricən əhlilləşir. Yəni uğur faktı ortadadır.

Meydandakılar mitinqi müddətsiz elan ediblər. Bunun üçün çadırlar qurulur, pul yığılır. Adi vətəndaşlar da, imkanlı iş adamları da ianə verir.

Ümumiyyətlə, meydana çıxanların çox böyük əksəriyyəti ad problemlərin içində əriyən, bezən, ümidini itirən sadə vətəndaşlardır. Və nəticəsindən asılı olmayaraq, sonda uduzub-udacağının dəxli olmadan, bu tip etirazların motoru həmişə yorğun, çarəsiz, adi vətəndaşlar olur. Manipulyasiyalar sonradan başlayır, ssenaristlər və rejissorlar bir azdan ortaya çıxır. Və sonunda adi vətəndaşlar yenə uduzdurulur.

Bu dəfə də elə olmayacaq ki? Axı konkret və pozitiv ideologiyası, tşkilatı və məqsədyönlü lideri olmayan xalq hərəkatları ya pisin daha pislə əvəzlənməsi, ya da heç nəyin dəyişməməsi ilə bitir?! Misallar nə qədər desəniz...

Və elə burada da “Moldova payızı” digərlərindən (o cümlədən Ukrayna Maydanından) fərqlənməyə başlayır. Bu isə xırda da olsa ümid yaradır. Nədədir fərq? Lokomotiv rolunu oynayan siyasi təşkilatların yönümündə.

Burada iki siyasi qurum üz üzədir. Kişinyov meydanına xalqı çağıran təşkilat “Qürur və Həqiqət” (yerli dildə abbreviaturası - DA) adlanır və özünü “vətəndaş platforması” kimi təqdim edir. Burada neoliberal kursu dəstəkləyən, sadəcə indiki hakim personajları rədd edən intellektuallar, jurnalist və mədəniyyət adamları əsas skripkalardır. Onlar lider kimi keçmiş təhsil naziri Mayya Saydunu görürlər.

Və stop! Xanım Saydu əvvəllər Dünya Bankının icraçı direktorunun məsləhətçisi vəzifəsində çalışıb.

Və “DA” bloku Moldovanın gələcəyi üçün elə indiki hakimiyyətin yürütdüyü taktikanı təklif edir. İstər siyasi, istər iqtisadi, istərsə də sosial və mədəni siyasət hazırkı kimi qalır. Yəni yalnız fiqurlar yerini dəyişir.

Deməli, bununla Qərb tamamilə özünü biabır etmiş, oğru, korrupsiya bataqlığına yuvarlanmış kadrlarını özünün yeni kadrları ilə əvəzləyir. Bu, artıq “Maydan ssenarisi”dir. Bu ssenaridə narazı kütlə yenə aldadılır və uduzur.

Üstəlik, bu blokun tələsmədən seçkiləri gözləmək və onu udmaq şansı yüksəkdir (əgər indiki istefa tələbləri havadan asılı qalsa). Çünki, Qərbdən dəstəyi, maliyyəsi, polittexnoloqları, təbliğat üçün geniş imkanları var.

Kişinyov etirazlarının ikinci aparıcı qüvvəsi və təşkilatçısı isə “Bizim evimiz - Moldova” blokudur. O, daha çox “Qırmızı blok” adı ilə tanınıb. Bu blokun başında kommunist və eks-deputat Qriqori Petrenko dayanır. O, Voronindən fərqli olaraq Marksın adını unutmamış şəxsdir.

33 yaşlı Petrenkonun tərəfdarları Kişinyov meydanına yox, Elmlər Akademiyasının binasının önünə toplaşaraq buradan Baş Prokurorluğun önünə hücuma keçiblər. Burada baş verən toqquşmalarda Petrenko və daha 3 tərəfdarı saxlanılaraq artıq 72 saat müddətinə həbs olunublar.

Yəni hakimiyyət meydandakılardan daha çox solçuları təcrid etməyə çalışır. Və yanılmır - “Qırmızı blk”un çox tezliklə sosial şüarları aktuallaşdırmaqla və Sol ideyaları təbliğ etməklə güclənmək imkanları var. Baxmayaraq ki, “qırmızılar”ın arxasında himayəçilər dayanmır - nə Vaşinqton, nə Brüssel, nə də Moskva.

Beləliklə, Moldova etirazlarında liderliyə ilk dəfə olaraq ideoloji cəhətdən iki fərqli blok iddia edir - neoliberallar və kommunistlər.

Bundan əlavə, Sosialist Partiyası da sentyabrın ortalarına etirazlara start verəcəyini anons edib. Konfiqurasiya neoliberalların sahibləri üçün çaşdırıcıdır: bir tərəfdən neoliberal rejimi neoliberal rejimlə əvəzləmək ssenarisi işə salınıb, digər tərəfdən isə Sol qüvvələr rejissorların ssenarisini dəyişdirə bilər. Odur ki, hazırda məhz “qırmızılar” neytrallaşdırılmalıdır.

İstənilən halda bizim bir neçə pərdədən ibarət tamaşanı izləmək şansımız var...

Məmməd Süleymanov

Virtualaz.org





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net