Tacikistan hücumlarının arxasında kim dayanır? ARAŞDIRMA
Tarix: 9-09-2015, 16:16 |
Çap et
BBC-nin müxbiri Anora Sarkarova yazır ki, şənbədən bazara keçən gecə dağlıq Bədəxşan rayonundakı Tacikistan-Əfqanıstan sərhədində ezamiyyətdən Düşənbəyə qayıdarkən Xatlon vilayətindəki Vaxdat şəhərinə baş çəkib. Ramit dərəsi bura çox yaxındır.
Orada hazırda, Tacikistan güc nazirlikləri əməkdaşlarının dediyinə görə, ölkənin müdafiə nazirinin keçmiş müavini, Tacikistanın hüquq-mühafizə orqanları üzərinə bir neçə hücumda günahlandırılan Abduxalim Nazarzodanın yaxalanması üzrə əməliyyat aktiv fazasına qədəm qoyub.
Xatlon vilayətində və Raşt vadisində bütün istiqamətlərdə avtomobil yolları boyunca çoxsaylı əlavə blokpostlar qoyulub. Bu blokpostlarda milis, OMON və təhlükəsizlik xidmətlərinin əməkdaşları keşik çəkirlər.
Lakin onlarca vətəndaşın həlak olduğu və vəziyyətin gərginliyi barədə yayılan xəbərlərə rəğmən hüquq-mühafizə orqanlarının əməkdaşları kifayət qədər arxayın görünürlər.
Axtarışlar
Tacikistan hakimiyyəti hücumların arxasında daxil işlər nazirinin ötən cümə vəzifəsindən azad edilmiş müavini, general Abduxalim Mirzo Nazarzodanın dayandığını bildirib.
Onun hazırda 7-8 nəfərlik dəstəsi ilə Ramit dərəsində gizləndiyi xəbər verilir.
Tacikistan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında general İslam Partiyasının üzvü kimi təqdim edilir. Bu xəbərdən məlum olur ki, Abduxalim Nazarzoda müxalifətdə olduğu üçün vəzifəsindən azad edilib.
Lakin general həqiqətən də müxalifətdə, Birləşmiş Tacikistan Müxalifətinin (BTM) sıralarında olubmu?
Ölkənin milis orqanları bildiriblər ki, hücumlar əvvəlcədən hazırlanmış plana əsasən həyata keçirilib.
Bu versiya ilə tacik siyasi şərhçilərinin əksəriyyəti razılaşır. Lakin başlıca sual bundan ibarətdir ki, bu hücumlar kim tərəfindən planlaşdırılıb və general Nazarzodaya bu planda nə kimi rol ayrılıb?
Saidumar Xusayni deyir ki, Nazarzoda hətta müharibə illərində tacik müxalifətinin sıralarında döyüşməyib də
Tacikistan İslam Partiyasından BBC-nin Rus xidmətinə bildirblər ki, Nazarzoda heç vaxt bu təşkilatın üzvü olmayıb.
“1990-cı illərdə onu heç kim tanımırdı, o hətta tacik müxalifətinin sıralarında hökumət qoşunlarına qarşı döyüşlərdə iştirak da etməmişdi” – deyə xatırlayır İslam Partiyası sədrinin birinci müavini Saidumar Xusayni, - Bizim tərəfdarlarımızın əksəriyyəri onunla müxalifətin 25-ci batalyonun komandiri kimi, 1997-ci ildə Moskvada sülh sazişi imzalanandan sonra tanış olublar. Bu batalyon Müdafiə Nazirlyinin tərkibinə keçdikdən və o, nazir müavini təyin edildikdən sonra, Nazarzoda müxalifətlə məsafə saxlatyıb və onlarla görüşməyib”.
Bundan əlavə, Tacikistan qanunlarına görə güc strukturlarının əməkdaşları heç bir siyasi təşkilata üzv ola bilməzlər.
Xusayni deyir ki, Tacikistan hakimiyyəti sosial-iqtisadi problemlərin həll olunmadığı şəraitdə milis özbaşınalığının, dini və vətəndaş azadlıqları üzərinə kütləvi hücumların geniş əhali arasında narazılığa səbəb ola biləcəyini başa düşmürlər. Bu narazılıq təkcə əhali arasında baş qaldırmır, o həm də siyasilərin və məmurların sıralarına sirayət edir.
Tacikistan islamçıları inanırlar ki, hakimiyyət ölkə vətəndaşlarına qarşı sərt tədbirlərini davam etdirərsə, narazıların əksəriyyəti İslam Partiyasının tərəfinə keçə bilər.
O bu mənada rəsmən təyin olunan din xadimlərinin də istisna təşkil etmədiklərini bildirir.
Müxalifətlə əlaqədə olub?
51 yaşlı general-mayor Abduxalim Nazarzoda keçmişdə Birləşmiş Tacik Müxalifətinin (BTM) üzvü olub. Lakin son bir neçə ildə o, hakimiyyət orqanlıarı ilə fəal əməkdaşlıq edir, müxalifətlə məsafə saxlayırdı.
İki həftə bundan əvvəl Abduxalim Nazarzoda bir qrup keçmiş müxalifətçi ilə birlikdə dini təşkilatın fəaliyyətini kəskin tənqid etmiş və hakimiyyəti bu qurumu bağlamağa çağırmışdı.
“Abduxalim Nazarzoda heç vaxt fərqli düşüncə sahibi olmayıb. O müxalifətçi deyildi. Sistemin bir hissəsinə çevriləndən sonra o, özünü çox səliqəli və ehtiyatlı aparırıdı. Onun son illərdə daxili və ya xarici problemlərlə bağlı hər hansı bəyanat verdiyinin şahidi olmamışam” – deyir politioloq Şokircon Xakimov.
İcmalçının fikrincə, son münaqişə təşkil olunmuş hadisədir, lakin gözdən düşmüş general onun hazırlanmasında heç bir rol oynamayıb.
Xakimovun fikrincə, general məmurlar arasındakı intriqa və çəkişmlələrin güdazına gedib.
“Düşünmürəm ki, bu, Tacikistanın yüksək siyasi elitasının planıdır, lakin eyni zamanda müxtəlif idarə və nazirlik məmurlarının xeyrinə işləyib” – deyib Xakimov.
Onun fikrincə, bu məmurların məqsədi Tacikistan cəmiyyətinin hərbiləşdirilməsidir.
“Onlar hüquq-mühafizə orqanlarına daha çox kapitalın axmasına, vəziyyəti gərginləşdirməklə maddi xeyir götürməyə çalışırlar” – deyib icmalçı.
Qeyri-rəsmi məlumatlara görə, qaçaq general çoxarvadlı olub və Düşənbədə biznes sahibi imiş. Hakimiyyət ona loyal yanaşırdı və o, karyera pilləkəni ilə sürətlə yüksəlirdi.
Məhz buna görə, bir çoxları Abduxalim Nazarzodanın qanlı itaətsizliyə niyə getdiyini başa düşə bilmirlər.
“O keçmiş müxalifətin sıralarında olub və müəyyən dairələr üçün bu, həlledici məqam sayılır. Abduxalim Nazarzodanın bu gün müxalifətlə münasibətlərinin nə vəziyyətdə olması onları maraqlandırmır. Onlar keçmiş müxalifətçilərə inanmırlar və onlardan qorxurlar. Bu mübarizə daim davam edir. Onlar müxalifətçiləri, vətəndaş müharibəsindən 17 il ötməsinə baxmayaraq özlərindən biri hesab etmirlər” – deyir politoloq Şokircon Xakimov.
Politoloq Şokircon Xakimovun sözlərinə görə, Nazarzoda sistemin bir hissəsinə çevriləndən sonra özünü səliqəli və ehtiyatlı aparırdı
Raxmon sayıqlığa çağırır
Bu arada ötən şənbə prezident Emomali Raxmon sözü gedən Vaxdat şəhərinə baş çəkib.
O orada DİN-in yeni idarə binasının təməl daşının qoyulması mərasimində iştirak edib.
Prezident hücum nəticəsində həlak olan zabitlərin ailələrinə başsağlığı verib və onları inandırmağa çalışıb ki, cinayətkarlar tapılaraq cəzalandırılacaqlar.
“Bununla əlaqədar yadınıza salıram ki, siz sayıq olmalısınız. Ayrılıqda valideynlər, ziyalılar, habelə ictimai xadimlər uşaqların tərbiyə olunmasına ciddi yanaşmalıdırlar” – deyib Raxmon.
Bundan əvvəl, ötən cümə günü axşam Tacikistan prezidenti Rusiya lideri Vladimir Putinlə telefon danışığında olub. Putin Tacikistana köməklik göstərəcəyini vəd edib.
Bu əsnada Düşənbədə, Vaxdatda və Ramit dərəsində silahlıların ələ keçirilıməsi istiqamətində DİN, Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı davam edir.
Cümə və şənbə günləri Tacikistan paytaxtında və onun ətraflarında baş verən atışmalarda, DİN-in rəsmi məlumatına görə, 22 nəfər həlak olub və daha 10 nəfər yaralanıb. Rəsmi məlumatlarda dəqiqləşdirilib ki, 9 milis nəfəri həlak olanların arasındadır.
Bu məlumatlarda həmçinin bildirilir ki, iki gün davam edən toqquşmalarda hücum edənlərdən 13-ü öldürülüb, 32-si həbs edilib. Silahlı qruplaşmadan 500 ədəd silah və sursat tapılıb.
Əməliyyatın yekunları
Son məlumatlara görə DİN və Dövlət Milli Təhlükəsizlik Komitəsinin Ramit dərəsində apardığı müştərək əməliyyatın gedişində general Abduxalim Nazarzodanın tərəfdarlarından dördü öldürülüb və daha 7 nəfər həbs olunub. Əməliyyatın əsnasında çox sayda silah və sursat ələ keçib.
Tacikistan Daxili İşlər Nazirliyinin internet saytında verilən məlumata görə Ramit dərəsindəki əməliyyat davam edir.
Bu arada paytaxt və ətraflarında təhlükəsizlik tədbirləri gücləndirilib. Güc nazirliklərinin, prezident iqamətgahı da daxil, strateji obyektlərin mühafizəsi möhkəmləndirilib.
Ötən bazar günü hücumlarda şübhəli bilinən şəxslərin Tepai Samarkandi məntəqəsində aparılan axtarışı davam etdirilib.