Mazutlu gölün sahilində yaşayan Sabunçu sakinləri - FOTO
Tarix: 9-09-2015, 15:24 |
Çap et
Binəqədi rayonu, Binəqədi qəsəbəsi Qəmbər Vəzirov küçəsinin sakinləri narahatlıq keçirirlər. Onlar hər an baş verə biləcək güclü partlayış və yanğından qorxurlar. Buna səbəb isə yaxınlıqdakı mazutlu ərazidir.
Uzun müddət bu ərazidə neft çıxarılıb. İndi isə həmin ərazini neft tullantıları, mazutlu göl əhatə edir. Sakinlər buraya zibil tökürlər.
Ərazinin zibilxana kimi istifadə edilməsi yüzlərlə ailəni təhlükə altında qoyur. Çünki zibillər çox zaman ərazidən daşınmır və buna görə də zibil təpələri əmələ gəlir. Bunu görən bəzi yerli sakinlər də alternativ yolla zibilləri təmizləməyə çalışırlar. Bu üsul isə yanlışdır. Çünki onlar zibilləri yandırırlar. Amma ərazinin mazutlu olduğunu düşünmürlər.
Buna səbəbdən ərazidə tez-tez yanğın hadisələri baş verir. Misal üçün bir neçə gün öncə adıçəkilən ərazidə eyni səbəbdən yanğın baş vermişdi. Bu haqda musavat.com saytı olaraq məlumat da vermişdik. Yanğın nəticəsində heç kəs xəsarət almasa da, hadisə sakinləri möhkəm qorxutmuşdu.
Bu ərazidə mənzərə gerçəkdən də dəhşətlidir. Buranı "ölüm gölü" də adlandırmaq olar. Kiçik bir qığılcım bəs edər ki, geniş bir ərazini alov bürüsün. Üstəlik, gölün hər tərəfində yaşayış evləri var.
Aldığımız məlumata görə, bu gölün əhatəsi əvvəllər daha da böyük olub. Zaman keçdikcə gölü hissə-hissə qurudub, üzərində evlər tikiblər. Onların hər birində də hazırda yaşayış var.
Bu təhlükəli, zəhərli ərazidə oynayan balaca uşaqlara da rast gəldik. Onlar hələ ki hansı təhlükə ilə oynadıqlarının fərqində deyillər.
Sakinlər deyirlər ki, gölün qurudulması üçün bir çox yerlərə müraciət ediblər: "Dəfələrlə müraciət etdik ki, buranı qurutsunlar. Çünki bizim həyatımız üçün bu göl çox təhlükəlidir. Camaat bilmir, zibil yandırır və ya siqaret kötüyü atırlar. Bu zaman da dəhşətli yanğınlar baş verir. Biz istəyirik ki, buranı qurudub, park tiksinlər. Ağaclar əkilsin, yaşıllıq olsun. Bizim uşaqlarımız da bu mazutlu göldə yox, həmin təmiz və səliqəli parkda oynasınlar".
Qəsəbə sakinləri ərazinin qəsdən yandırıldığını da iddia edirlər: "Buralarda olan evlərin 90 faizi qanunsuz tikilib. Gölü qurudurlar, tikirlər. Yatırsan, səhər oyanırsan ki, sağ tərəfində ev tikilib, artıq bir təzə qonşun var. Buranı da qəsdən yandırırlar ki, gölü qurudub, ev tiksinlər".
"Bu zəhərdir-zəhər" - sözlərini deyə-deyə bizə yaxınlaşan yaşı qəsəbə sakini Firuzə nənə gölün sakinlər üçün ziyanlı olmasından şikayətlənir: "Burada yaşayan hər bir adam artıq xəstədir. Mazutun zəhəri onlara bəs edir. Hər gün onun qoxusunu, istidən daha da güclənən pis iyini içimizə çəkirik. Burada sağlam uşaq böyüyər? Deyirlər ki, bu evlər qanunsuz tikilib. Hər necə tikilib. Axırı ki burada yaşayış var da, deməli, insanların qayğısına qalmaq lazımdır. Pul yığanda, vergi alanda, səs istəyəndə bizim evlər qanuni olur, iş görməyə gələndə qanunsuz. Bu gölü qurutmaq lazımdır".
Ərazinin zibilxana kimi istifadəsindən danışan qəsəbə sakini Aqil Dadaşovun sözlərinə görə, ərazidə başqa alternativ yer olmadığı üçün vəziyyət bu həddə çatıb: "Məsələ burasındadır ki, camaatın zibil atacağı başqa yer yoxdur. Yüzlərlə ailə üçün iki ədəd zibil qabı qoyublar. O da tez dolur. Günlərlə dolu qalır, daşıyıb aparan olmur. Ona görə də camaat zibilini haraya gəldi, atır. Eləsi də var ki, ərinir uzaq yol gəlməyə. Eləcə qapıdan çıxıb, zibili atır mazutlu gölə. Buraya 10-a yaxın zibil qutusu qoysalar, vaxtı-vaxtında da daşısalar, ərazidə bir dənə də zibil olmaz".
Bu ərazidə yaşamaq hər cəhətdən təhlükəlidir. Amma görünən budur ki, hələ uzun zaman sakinlər bu problemi yaşayacaqlar. Üstəlik, mazutlu göldən əziyyət çəkənlərin sayı getdikcə də çoxalacaq. Çünki ərazidəki evlərin sayı günü-gündən artmaqdadır.
İcra hakimiyyəti isə yalanlarla hər kəsin başını aldadır. Misal üçün, 2014-cü ildə Sabunçu rayonunun qəsəbələrində aparılmış abadlıq və yenidənqurma işləri barədə verilən hesabatda, bu ərazidə qurudulma işlərinin aparıldığı və zibil meydançası tikildiyi yazılıb. Amma belə bir şey yoxdur: "Qəsəbənin T.Bünyadov küçəsində yerləşən təxminən 1.5 ha sahəsi olan göl tamamilə doldurulub, ətraf ərazilərin subasmaya məruz qalmaması üçün uzunluğu 110 m, D-300 mm olan 2 yeni kanalizasiya xətti çəkilib.
Doldurma işləri qəsəbənin Q.Vəzirov küçəsindəki göldə də aparılmaqdadır. Bu gölün doldurulmuş ərazilərində gölə tökülən məişət tullantılarının qarşısının alınması məqsədilə 2 ədəd zibil meydançası tikilib istifadəyə verilib".
Bu, 2 zibil meydançası yəqin ki, sakinlərin bəhs etdiyi 2 ədəd zibil qutusudur. Görünən budur ki, icra başçısı həm sakinləri, həm də hesabat verdiyi hökuməti aldadır.