İrana gedən azərbaycanlı qadın sənədlərini itirib - 22 gündür, ölkəyə qayıda bilmir
Tarix: 9-09-2015, 14:47 |
Çap et
Binə qəsəbəsi sakini Dilarə Zeynalova və iki yeniyətmə qohumu 22 gündür ki, İrandan Azərbaycana qayıda bilmir. Bu barədə “Qafqazinfo”ya D. Zeynalovanın yaxınları məlumat verib.
Onlar bildirir ki, Dilarə və xalası uşaqları 15 yaşlı Həsən Ağayev, 17 yaşlı Firuzə Ağayeva avqustun 18-də İrana həkimə gediblər: “Bunlar həkim müayinəsində olarkən maşında olan əl çantası yoxa çıxıb. Çantanın içində 50 manat pul, qızıl əşyaları və hər üçünün də sənədləri olub.
Sənədlər oğurlandığı üçün onlar Azərbaycana geri qayıda bilmirlər. Onlar taksi sürücü ilə bərabər dərhal İran polisinə müraciət ediblər. Hələ ki, sənədlər tapılmayıb. İranın Azərbaycandakı səfirliyinə, Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə müraciət etmişik. Sənədlərin kopyası müvafiq qurumlara təqdim olunub. Bununla bərabər proses yubadılır. Dərslərin başlamasına artıq bir həftə qalıb, amma uşaqlar hələ də İrandadır. Biz müvafiq qurumlardan məsələnin tez zamanda həll edilməsini xahiş edirik”.