İlham Əliyev müşavirə keçirdi: "Gəlirlərimiz böyük dərəcədə azalıb"
Tarix: 8-09-2015, 15:51 |
Çap et
“Baxın, Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada nələr baş verir? O ölkələrin ərazi bütövlüyü demək olar ki, pozulub. Yaxın Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün müsbət meyllər gözə dəyimir”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir: “Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə uzanan çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, inamlı inkişafımızı təmin edəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, ötən müddət ərzində neftin qiyməti kəskin aşağı düşüb: “Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələr icra edilir, insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir”.
* * *14:50
"Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb. Həm Avropada, həm Asiyada iqtisadi tənəzzül müşahidə olunur".
Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, bunun müxtəlif obyektiv bə subyektiv səbəbləri var: "Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu, bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır".
Prezident deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: "Onlar xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir. Həm qanlı toqquşmalar, həm də eyni zamanda siyasi və iqtisadi böhranlar hökm sürür.
Qarşıdurma meylləri güclənir və postsovet məkanı əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir. Xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır.
II dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu, Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın,- hansı ki, yenə də xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş insanlar,- Avropaya üz tutub və sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hal-hazırda böyük köç müşahidə olunur. Yenə də demək istəyirəm ki, II dünya müharibəsindən sonra ilk dəfədir ki, biz bu mənzərə ilə üzləşirik və əlbəttə ki, bu, böyük humanitar fəlakətdir. İlk növbədə bu ağır vəziyyətə düşən insanlar üçün humanitar fəlakətdir. Və onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir".
Prezidentin sözlərinə görə, əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır: "Ancaq bu gün ki bu insanların bir hissəsi Avropa qitəsinə üz tütüb, indi bütün Qərb mediası gecə-gündüz bu görüntüləri yayır və sanki insanları bu vəziyyətdə günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu humanitar fəlakət ilk növbədə onların humanitar fəlakətidir".
* * *14:00
Sentyabrın 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.
Dövlət başçısı İlham Əliyev müşavirədə çıxış edib (AZƏRTAC).
Virtualaz.org saytı xatırladır ki, sentyabrın 1-də Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilmişdi.
Maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev həmin müşavirədə gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış etmişdilər.
Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilmişdi.