İğdırda şəhid polislərin sayı 13-ə çatdı
Tarix: 8-09-2015, 15:09 |
Çap et
Türkiyə-Azərbaycan sərhədində baş verən terror hadisəsi zamanı şəhid olan polislərin sayı 13-ə çatıb. "Güven" qəzetinin sahibi, iş adamı Doğukan Aras APA TV-yə verdiyi açıqlamada ərazidə vəziyyət çox gərgin olduğunu deyib.
“Hazırda vəziyyət çox pisdir. 13 şəhid var. Bu rəqəmin artacağından qorxuruq. Çox güman ki, say artacaq. Vəziyyət çox pisdir. İnsanlar çox təpkilidir. Hamı indi xəstəxananın qarşısına toplaşıb. İğdırda yaşayan Azərbaycan türklərinin 90 faizi qan vermək üçün xəstəxananın qarşısına toplaşıb. Hər kəsdə bir üzüntü var. Çox pisik”.
Doğukan Aras əlavə edib ki, terror qurbanlarını partlayış baş verən ərazidən şəhərə gətirirlər. Onların vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
“Hələ bir neçə şəxsi hadisə yerindən indi gətirirlər. Onların şəhid olduğu, ya sağ qaldığını bilmirik”.
Onun sözlərinə görə, İğdır sakinləri axşam saatlarında terroru lənətləmək üçün şəhər mərkəzində yürüş keçirəcəklər.
“Axşam saat 5-də aksiya olacaq. "Facebook”da fotolar paylaşıblar. Axşam saatlarında şəhər meydanında toplaşacaqlar. Hazırda daxili işlər naziri bura gəlir”.
Qeyd edək ki, səhər saatlarında PKK Türkiyə-Azərbaycan sərhədində çalışan polis əməkdaşlarının içərisində olduğu nəqliyyat vasitəsinə silahlı hücum edib. Hücum İğdırın Aralıq qəsəbəsi ilə Hasanhan kəndi arasındakı yolda qeydə alınıb. Terror aktı nəticəsində 13 polis şəhid olub, çoxlu sayda yaralı var. Terror aktından dərhal sonra bölgədə antiterror əməliyyatlarına başlanıb.