Masallıda oğrular tüğyan edir: RAYON POLİSİ ACİZ DURUMA DÜŞÜB
Tarix: 7-09-2015, 16:49 | Çap et
Masallıda oğrular tüğyan edir: RAYON POLİSİ ACİZ DURUMA DÜŞÜB
Artıq 6 aya yaxındır ki, Masallı əhlinin yuxusu ərşə çəkilib. Buna səbəb rayonda bir qrup oğrunun vətəndaşların əmlaklarını talan etməsidir. JAM.AZ xəbər verir ki, vəzyyət o qədər kritikdir ki, insanlar nə edəcəklərini belə bilmirlər.

Qeyd edək ki, rayonun əksər kəndlərinə daraşmış oğrular evlərə daxil olaraq, qızıl və ziynət əşyaları, pulları aparmaqla yanaşı, həmçinin insanlara məxsus mal-qaranı da oğrulayırlar. Məsələn, bir müddət əvvəl Binə Xocavar, Yeyənkənd kəndlərində baş verən oğruluq olayları, artıq Güllütəpə, Yelağac, Böyük Kolatan və digər məntəqələrə yayılmağa başlayıb.

İşin ən dəhşətli tərəfi isə odur ki, bu hadisələrin böyük əksəriyyəti günün günorta çağında baş verir. Və oğrulara kimsə bir şey edə bilmir. Vətəndaşların Masallı Polis Şöbəsinə etdiyi şikayətlərin də heç bir təsiri yoxdur. Şöbədən verilən məlumat yalnız ondan ibarət olur ki, qarətçiləri tapmaq üçün araşdırma aparılır. Amma 6 aydan çoxdur ki, aparılan araşdırma hələ nəticə verməyib.

JAM.AZ-a daxil olan məlumatda deyilir ki, gedişat daha acınacaqlı şəkil alır və bununla bağlı daha yüksək səviyyəli dövlət qurumlarına müraciət etmək qərarına gəliblər. Onların bildirdiyinə görə, belə davam edərsə, təkcə asayişləri deyil, həmçinin maddi imkanları da quldurların güdazına gedəcək.

Masallıdan olan jurnalist, Jurnalist Araşdırma Mərkəzinin (JAM.AZ) rəhbəri Fikrət Fəraməzoğlu məsələ ilə bağlı Daxili İşlər naziri, general Ramil Usubov cənablarına mətbuat vasitəsi ilə müraciət edib. O, cənab nazirdən xahiş edib ki, Masallı kəndlərində baş vermiş oğruluq olaylarının araşdırılması və istintaqını öz nəzarətinə götürsün. «Cənab nazir, Masallıda vəziyyət sözün həqiqi mənasında dəhşətli şəkil alıb. Oğruluq halları durmadan artır və qarətçilər insanların əmlaklarını günün günorta çağı, heç kimdən çəkinmədən oğrulayırlar. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Masallı rayon Polis Şöbəsinin həyata keçirdiyi istintaq-axtarış tədbirlərinin də heç bir nəticəsi yoxdur. Sizdən artıq dərəcədə rica edirəm ki, həmişə olduğu kimi, bu dəfə də ədalətin zəfər çalması, insanların asayişinin və təhlükəsizliyinin təmin olunması, habelə cinayətkarların layiqli cəzalarını alması üçün göstərdiyiniz qətiyyətdən dolayı, baş verənlərin araşdırılmasını öz nəzarətinizə götürəsiniz».





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net