Gəlini və nəvəsi ilə itkin düşən kişinin meyiti tapıldı- Bakıda müəmmalı hadisə
Tarix: 2-09-2015, 16:14 |
Çap et
Bakıda avqustun 30-da asılmış meyiti tapılan kişi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Elxan Əliağa oğlu Sultanovun Xəzər rayonu, Qala qəsəbəsi ərazisində ağacdan asılmış meyiti tapılıb.
Məlum olub ki, E.Sultanovun oğlu Məmməd Sultanov avqustun 30-da Suraxanı RPİ 31-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, atası Elxan Sultanov, arvadı 1982-ci il təvəllüdlü İradə və qızı 2005-ci il təvəllüdlü Ləman avqustun 27-si saat 15-də evdən gedib qayıtmamışdır. Həmin gündən hər üç şəxs itkin kimi qeydə alınıb. Elə sözügedən tarixdə Məmməd Sultanovun atasının asılmış meyiti tapılıb.
Xəzər Rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, hadisədən 4 gün keçsə də, itkin düşən ana və qızı hələ də tapılmayıb.
Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.