“Mediamızda çalışanların 95%-i güllələnməlidir”
Tarix: 2-09-2015, 12:59 |
Çap et
Məlum olduğu kimi, bir neçə gün bundan öncə ABŞ-ın Virciniya ştatında TB WDBJ" televiziyasının iki əməkdaşı həmkarları Brays Uilyams tərəfindən güllələnib. Qatil jurnalist qətlə yetirdiyi həmkarlarının qeyri-peşəkar olduğunu bildirib və onları məhz bu səbəbdən öldürdüyünü iddia edib.
Maraqlıdır, əgər günü sabah kimsə jurnalistikamızı qeyri-peşəkarlardan silah gücünə təmizləmək həvəsinə düşsə, o zaman Azərbaycan mediasında çalışanların neçə faizini güllələmək məcburiyyəti qarşısında qalacaq?
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran “Təzadlar”qəzetinin baş redaktoru Asif Mərzili qeyri-peşəkarlığa görə ölüm cəzasının tətbiqinin yolverilməz olduğunu vurğulamaqla yanaşı, ölkə mediasında çalışanların təxminən 95%-nin qeyri-peşəkarlardan ibarət olduğunu qeyd etdi:
“Mən jurnalistika sahəsində kifayət qədər iş təcrübəsinə malik olan bir şəxsəm. Bu baxımdan deyə bilərəm ki, əgər peşəkarlıq və qeyri-peşəkarlığı tərəzinin gözünə qoysaq, onlar arasındakı balansa baxsaq, o zaman həmin amerikalı jurnalistin məntiqi ilə gərək ölkə jurnalistikasında çalışanların 95%-i öldürülsün. Rəsmi məlumata görə, ölkəmizdə təxminən 4 minə yaxın qəzet qeydiyyata alınıb. Bu isə o deməkdir ki, qeydiyyatçı ən azı 4 mindir. Orda çalışanları da nəzərə alsaq, o zaman belə çıxır ki, ölkədə 40-50 min jurnalist var. Əgər qeyri-peşəkarlığa görə ölüm tətbiq olunsa, onda gərək leş leşin yanına düzülə. Lakin təbii ki, mən qeyri-peşəkarlığa görə ölüm cəzasının tətbiq edilməsini qəbul etmir, bunu qeyri-insani bir hərəkət hesab edirəm. Məncə, peşəkarlıq və qeyri-peşəkarlıq məsələsinə bu məntiqlə yanaşmağın özü də qeyri-peşəkarlığın göstəricisidir”.