Həkimi qandallatmağa nail olan vəkil danışdı
Tarix: 2-09-2015, 10:55 | Çap et
Həkimi qandallatmağa nail olan vəkil danışdı
Bakı Slavyan Universitetinin mərhum dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işində hökmdən verilən apelyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb. Avqustun 31-də keçirilən son məhkəmə iclasında təqsirləndirilən şəxs qismində iştirak edən həkim Firuz İbrahimov barəsində 2 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası seçilib. Həkim məhkəmə zalında həbs edilib.

Məhkəmədən bir gün öncə E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev sosial şəbəkələrdə həyəcan dolu xəbər yaymışdı. O bildirmişdi ki, F.İbrahimov hər vasitəsilə məhkəmədən yayınıb, cinayət işi üzrə irəli sürülmüş ittiham maddələrinə xitam verdirmək istəyir. Xəbərin ardınca məlum olmuşdu ki, həkim xəstəlik adı ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşib. Qanunvericiliyə əsasən, bu ayın 20-də ölüm hadisənin iki il tamam olacaqdı. Verilmiş şikayətə əsasən isə həkim barəsində Nəsimi Rayon Məhkəməsi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, iki il həbs cəzası seçmişdi.

İttiham tərəfinin vəkili olan Səməd Vəkilov “Yeni Müsavat”a açıqlamasında çıxarılmış məhkəmə hökmündən razı qaldıqlarını bildirib:

“Məhkəmə hökmü kifayət qədər ədalətlidir. Məhkəmə zamanı təqsirləndirilən şəxs xəstəxanada olması ilə bağlı arayış təqdim etmişdi. Anar Niftəliyevlə birlikdə xəstəxanaya getdik. Məsələni aydınlaşdırdıq. Bizə bildirdilər ki, Firuz İbrahimov hazırda reanimasiya şöbəsindədir. Biz onun məhkəmədən yayınmaq üçün plan qurduğunu yaxşı bilirdik. Anar Niftəliyev növbəti gün onu evində tapdı. Həmin vaxt yolda avtomobil qəzası baş verdi. Avtomobil qəzasının videosunu Anar müəllim axar.az saytına qoydu. Bundan sonra 1 saylı Şəhər Xəstəxanası daxili rejimi pozduğuna görə onu xəstəxanadan xaric etdi. O, məcburiyyət qarşısında qalıb, məhkəməyə gəlməli oldu. Ona qarşı 320.1 və 124.1 maddələri irəli sürülmüşdü. Ehtiyatsızlıqdan insan ölümünə səbəb olma və sənədlərin saxtalaşdırılması maddələri. Sənədlərin saxtalaşdırılması qəsdən törədilmiş cinayət idi. İki il cəza nəzərdə tutulurdu. Sentyabrın 20-də iki il müddət başa çatırdı. Məsuliyyətdən yayınmaq üçün həkim bütün variantları işə saldı. Amma Anar müəllimin şəxsən məsələyə bu tərzdə müdaxilə etməsi təqsirləndirilən şəxsin işini pozdu. Əlbəttə ki, ədalətli qərar saymaq olar. Burada söhbət təkcə Firuz İbrahimovun cəzalandırılmasından getmir. Son illərdə kütləvi şəkildə artan həkim səhlənkarlığı nəticəsində baş verən cinayətlərin qarşısını almaq məqsədi daşıyır. Söhbət cəmiyyətdə sosial ədalətin təmin olunmasından gedir”.

Vəkil həkim səhlənkarlığına qarşı cəmiyyətin etiraz etməsinin vacibliyini də vurğuladı:

“Həkim səhlənkarlığına qarşı cəmiyyət etiraz etməlidir. Bu mənada hökmü yüksək qiymətləndirirəm. 2 il yarım cəza veriblər. Bunu az olmaq kimi hallandıra bilmərik. Çünki əvvəlcə məntəqə tipli cəza seçilmişdi. Amma indi ümumi rejimli cəza təyin olunub. Məhkəmə zalında qoluna qandal taxılaraq həbs edildi. Narazı qalmış olsaydıq, kasasiya şikayəti verəcəkdik. Bizim belə bir niyyətimiz yoxdur. Ona görə ki, hökm bizi qane edir. Çox güman ki, qarşı tərəf kassasiya şikayəti verəcək. Məhkəmə hökmünün ləğv olunmasına bir lüzum yoxdur”.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb. Cinayət işinin materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net