Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasında baş verən partlayışa münasibət bildirib və Rada önündəki qarşıdurmaları şərh edib.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, brifinqdə çıxışı zamanı qubernator Odessa ərazisində bu tip qarşıdurmalara əsla yol verməyəcəyinə söz verib. Onun sözlərinə görə, Kiyev hadisələrinin təkrarlanacağı şəraitdə yerinə yetirəcəkləri plan artıq hazırdır: “Bizim Odessa vilayətində yarana biləcək hər hansı bir problemin qarşısını ala bilmək üçün kifayət qədər gücümüz var”.
Qubernator Odessada hər şeyin stabil olduğunu, yalnız cinayət və korrupsiya ilə mübarizə aparmağın labüdlüyünü deyib. Saakaşvili həmçinin qanunsuz silah gəzdirməyin və qar maskalarından istifadənin yolverilməz olduğuna da toxunub. Qubernatorun sözlərinə görə, üzünə qar maskası taxan və ya qanunsuz silah gəzdirən gənclər potensial təhlükə mənbələridir: “O qruplaşmaların arxasında kimlər durursa-dursun, biz heç vaxt belə şeyə imkan vermərik”.