Cavid Hüseynov həbsinə etiraz edir - "Azad edin..."
Tarix: 12-08-2015, 12:58 |
Çap et
Futbolçu Cavid Hüseynov barəsində seçilmiş həbs qərarından apelyasiya şikayəti verilib.
Bu barədə virtualaz.org saytına təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, Səbayel Rayon Məhkəməsinin C.Hüseynov barəsində çıxardığı qərardan apelyasiya şikayəti verilib. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin çıxarmış olduğu qərarın ləğv olunmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğvini istəyir.
Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.