Xaricdə təhsil alanlarla bağlı təklif
Tarix: 12-08-2015, 12:22 |
Çap et
Xaricdə təhsil üzrə Dövlət Proqramının müddəti 2020-ci ilədək uzadılmalıdır.
Axar.az xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. Onun sözlərinə görə, proqram çərçivəsində 2007-2015-ci illərdə 5000 gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulub:
“Ancaq builki müsabiqə də nəzərə alınmaqla, onların sayı 3500 nəfəri ötməyəcək. Odur ki, həm proqramın qarşısına qoyduğu hədəfinə çatmadığını, eləcə də onun müddətinin bu il başa çatdığını əsas götürərərək, 2020-ci ilədək uzadılmasını təklif edirəm.
2008-2014-cü illər ərzində Dövlət Neft Fondu tərəfindən bu proqramın maliyyələşdirilməsinə 121,3 milyon manat məbləğində vəsait ayrılıb. Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 2867 nəfər təşkil edib. Bu o deməkdir ki, 1 tələbənin xaricdə təhsil alması üçün 42309 manat vəsait xərclənib”.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində təhsili maliyyələşdirilən azərbaycanlı tələbələrin təhsil aldığı ölkələrin siyahısına 803 tələbə ilə Böyük Britaniya başçılıq edir. Sonrakı yeri Türkiyə tutur – bu ölkədə 681 tələbə təhsil alıb; 395 tələbənin təhsil aldığı Almaniya 4-cü, 214 nəfərin təhsil aldığı Kanada 5-cidir. Sonrakı yerləri Niderland Krallığı (137), Rusiya (115), İsveçrə (97), Fransa (95), ABŞ (85) tutur. İlk onluğu Avstraliya (63 tələbə) tamamlayır.