Ali Məhkəmə Xədicə İsmayılovanın Elman Türkoğludan şikayətinə baxır
Tarix: 12-08-2015, 12:12 |
Çap et
Bu gün Ali Məhkəmədə jurnalist Xədicə İsmayılın şikayətinə baxılır.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu ilin fevralında məhkəmənin qərarı ilə jurnalist 2500 manat cərimələnib. Buna səbəb Elman Türkoğlunun Xədicə İsmayılı onun haqqında iki sənəd yaymaqda günahlandırmasıdır. Bu sənədlərin birində Elman Türkoğlunun gizli videogörüntülərlə şantaj olunaraq MTN-lə əməkdaşlığa cəlb edildiyi, digərində isə 1992-ci ildə zorlama cinayəti törətdiyi iddia olunur.
Xədicə İsmayıl ikinci sənədi yaymadığını, birinci sənədi isə Elman Türkoğlunun adını və onun şəxsiyyətini müəyyənləşdirə biləcək məlumatları sildikdən sonra yaydığını bildirib.
Məhkəmənin qərarından narazı qalan jurnalist şikayət verib.
Məhkəmədən öncə Elman Türkoğlu "Azadlıq" radiosuna deyib ki, Xədicə İsmayıl sənədləri ona təqdim edənin kimliyini açıqlasa, şikayətini geri götürəcək.
Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib. Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.